ATƏT sədri: "Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini dəstəkləyirik"

ATƏT sədri: "Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini dəstəkləyirik" Bakı. 29 mart. REPORT.AZ/ Romada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, ATƏT-in fəaliyyətdə olan sədri Angelino Alfanon ilə görüşüb.
Qarabağ
29 Mart , 2018 18:07
ATƏT sədri: Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini dəstəkləyirik

Bakı. 29 mart. REPORT.AZ/ Romada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, ATƏT-in fəaliyyətdə olan sədri Angelino Alfanon ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin və dostluğun yüksək səviyyəsindən məmnunluqlarını ifadə ediblər.

İki ölkə arasında iqtisadi-ticarət, enerji və mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi və İtaliyanın Azərbaycanın Avropa İttifaqında ən əsas ticarət tərəfdaşı olduğu bildirilib.

Nazirlər Cənubi Qaz Dəhlizi və onun vacib hissələri olan TANAP və TAP layihələrinin əhəmiyyətini diqqət çəkiblər və bu xüsusda ölkələrimiz arasında olan əməkdaşlığı təqdir ediblər.

Tərəflər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq məsələsinə toxunubləar. İtaliya xarici işlər naziri ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişlənməsini dəstəklədiyini deyib.

Görüşdə İtaliyanın ATƏT fəaliyyətdə olan sədri statusuna toxunulub. İtaliya xarici işlər naziri ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktı əsasında həllini dəstəklədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov İtaliyanın münaqişənin həlli ilə əlaqədar ədalətli mövqeyinə görə təşəkkür edib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verərək Ermənistanın BMT Təhlükəsizlik Şurasının işğalçı qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam, qeyd-şərtsiz çıxarılması barədə tələblərini hələ də yerinə yetirmədiyini vurğulayıb. O əlavə edib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir və münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktında təsbit olunduğu kimi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi