ABŞ Konqresində Xocalı tədbiri - FOTO

ABŞ Konqresində Xocalı tədbiri - FOTO ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsində Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Qarabağ
27 Fevral , 2020 08:55
ABŞ Konqresində Xocalı tədbiri - FOTO

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Məsələlər Komitəsində Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, tədbirdə Konqresin Təxsisatlar Komitəsinin və Helsinki Komissiyasının üzvü, Alabamanı təmsil edən konqresmen Robert Aderholt, Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun respublikaçı həmsədri, Xarici Məsələlər və Hüquq Komitələrinin üzvü, konqresmen Stiv Çabot, Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin üzvü, Texas ştatının təmsilçisi, demokrat Henri Kuellar, Arizona ştatının təmsilçisi və Nümayəndələr Palatasının Nəzarət və İslahatlar, Təbii Sərvətlər Komitələrinin üzvü, respublikaçı Pol Qosar, habelə Konqresin heyət üzvləri, Türkiyə Cümhuriyyətinin ABŞ-dakı Səfirliyinin nümayəndələri, ABŞ-dakı Azərbaycan icmasının üzvləri və Azərbaycan əsilli ABŞ vətəndaşı, Cəbrayıldan məcburi köçkün düşmüş, müharibə vaxtı gözdən əlil olmuş Nicat Əşrəfzadə qatılıb.

Tədbirdə Xocalı faciəsi ilə bağlı həqiqətlər auditoriyanın diqqətinə çatdırılıb, faciədə qətlə yetirilmiş yüzlərlə insanın xatirəsi anılıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.

Tədbiri giriş sözü ilə açan “Hyuston - Bakı Qardaşlaşmış Şəhərlər Asossasiyası”nın və “Azərbaycan evi”nin rəhbəri İradə Axundova Xocalı qətliamı barədə məlumat verərək, bu faciənin Konqresdə geniş şəkildə anılmasının və dünya ictimaiyyətinin qətliamdan xəbərdar olmasının əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Xocalı faciəsinin tarixi barədə məlumat verib, faciənin azərbaycanlılara qarşı törədilmiş cinayət olduğunu deyib, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistan hökumətinin ciddi addımlar atmasının vacibliyini vurğulayıb.

Tədbirdə daha sonra çıxış edən Konqresin Azərbaycan üzrə İşçi Qrupunun yeni həmsədri Robert Aderholt Xocalı faciəsinin və qətlə yetirilmiş yüzlərlə insanın xatirəsinin yad edilməsinin belə faciənin bir daha baş verməməsi üçün əhəmiyyətli olduğunu vurğulayıb. O, Konqresdə bu cür tədbirin təşkilinə görə minnətdarlığını bildirib.

Digər Konqres üzvü Pol Qosar da çıxışı zamanı Xocalı şəhərində baş vermiş faciədə həyatını itirmiş insanların unudulmadığını və onların əziz xatirəsinin hər zaman anıldığını qeyd edib. Pol Qosar bu faciənin bir daha təkrarlanmaması üçün onun unudulmamasının vacibliyini qeyd edib.

Konqres üzvü Henri Kueyar Xocalı faciəsində həyatını itirmiş insanların xatirəsini anaraq azərbaycanlıların kədərinə şərik olduğunu bildirib.

Konqres üzvü Stiv Çabot köməyilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində qətliam törətdiyini, qadın, uşaq və qocalar da daxil olmaqla, 600-dən çox günahsız Xocalı sakininin qətlə yetirildiyini vurğulayıb.

Hazırda ABŞ vətəndaşı olan Cəbrayıldan köçkün düşmüş 4 yaşında ikən Ermənistanın Cəbrayılın işğalı zamanı gözdən əlil olmuş Nicat Əşrəfzadə yaddaşındakı acı xatirələrini bölüşüb, işğal zamanı yaşadığı ağrılı-acılı, çətin günlərindən bəhs edib. Nicat Əşrəfzadə münaqişənin sülh yolu həlli istiqamətində səylərin artırılmasının vacibliyini və ABŞ-ın bu istiqamətdə xüsusi rola malik olduğunu bildirib.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi