İqlim Maliyyəsi üzrə Daimi Komitənin sonuncu toplantısından bəri maliyyə resurslarnda 60 %-lik artım müşahidə olunub.
“Report” xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası əsasında fəaliyyət göstərən İqlim Maliyyəsi üzrə Daimi Komitənin (SCF) həmsədri, səfir Diann Blek Layne COP29 çərçivəsində keçirilən “Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti” mövzusunda yüksəksəviyyəli dəyirmi masada çıxışı zamanı deyib.
“Bizim fəaliyyətimizin əsas məqsədi məlumatların toplanması, uşaqlar və gənclərin ehtiyaclarını nəzərə alan tədbirlərin maliyyələşdirilməsi, Paris Sazişi çərçivəsində görüləcək işlərin həyata keçirilməsi üçün vəsaitlərin ayrılmasıdır. Bununla yanaşı, məlumatlandırma məhsullarının yaradılması və tətbiqi sahəsində də töhfəmizi veririk”, - D. Layne vurğulayıb.
Həmsədr əlavə edib ki, komitə xüsusilə inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı göstərir:
“Məsələn, bu il Tanzaniyaya maliyyə dəstəyi göstərilib. Biz həmin vəsaitlərin necə sərf edildiyini və bu tədbirlərin konkret nəticələrini təhlil edirik. Bu məlumatlar əsasında xüsusilə inkişaf etməkdə olan ölkələrdə tədbirlərin maliyyələşdirilməsini dəstəkləyirik”.
D. Layne, həmçinin bildirib ki, komitə dövlətlərlə qarşılıqlı əlaqədə işləyir və milli səviyyədə hazırlanan sənədlərin layihələrini nəzərdən keçirir:
“Gənclərlə bağlı ayrıca büdcə maddəmiz olmasa da, büdcə formalaşdırılarkən dövlətlərin təqdim etdiyi məlumatlara əsasən təhsil, idman kimi sahələrdə maliyyələşdirmə imkanlarını nəzərdən keçiririk”.
Sonda səfir qeyd edib ki, komitənin məqsədi həm maliyyə yardımı göstərmək, həm də məlumat əsasında səmərəli tədbirləri dəstəkləməkdir.
“Davamlı iqlim tədbirləri üçün maliyyə mexanizmlərinin şəffaf və effektiv olması əsas prioritetlərimizdəndir,” – deyə Diann BlekLayne vurğulayıb.