İtki və Zərərə Cavab Fondu iqlim dəyişikliyinin nəticələrini aradan qaldırmaqda ölkələrə kömək etmək üçün əsas vasitə olacaq.
"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev İtki və Zərərə Cavab Fondunun İdarə Heyətinin üçüncü iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, COP29-da Paris Sazişinin bütün istiqamətləri üzrə irəliləyiş əldə etməyə çalışılacaq:
“Bu prosesdə isə iqlim maliyyəsi əsas yer tutacaq. Bunu edərkən biz əvvəlki COP-ların uğurlarına əsaslanacağıq və BƏƏ Konsensusunun nəticələrinin həyata keçirilməsinə kömək edəcəyik".
M.Babayev vurğulayıb ki, bu hadisələrin həm də ciddi iqtisadi xərcləri var:
"Bu ayın əvvəlində Ümumdünya Meteorologiya Təşkilatı qeyd edib ki, Afrika ölkələri iqlim dəyişikliyi səbəbindən ÜDM-lərinin 5 %-ə qədərini itirirlər. İnkişaf etməkdə olan kiçik ada dövlətləri isə təbii fəlakətlərdən orta hesabla ÜDM-lərinin 2,1 %-ni itirirlər. Bu insanlar üçün iqlim böhranı ekzistensialdır. Bizim bu ölkələrə dəstək olmaq mənəvi borcumuzdur, çünki onlar iqlim dəyişikliyinin ön cəbhəsində dayanaraq həm insan, həm də iqtisadi itkilərlə üzləşirlər".