İqlim dəyişikliyi həm birbaşa, həm də dolayı yolla insan sağlamlığına təsir göstərir.
Bu barədə “Report”a açıqlamasında “Forecasting Healthy Futures” idarəedici direktoru Kelli Uillis bildirib.
Onun sözlərinə görə, sel və quraqlıq kimi ekstremal hava hadisələri insanların həyatı üçün təhlükələrə və məcburi miqrasiyaya səbəb olur:
“Belə hadisələr, həmçinin temperaturun yüksəlməsi və havanın çirklənməsi xüsusilə ürək-damar və tənəffüs xəstəlikləri daxil olmaqla qeyri-infeksion xəstəliklər sahəsində sağlamlıqla bağlı problemləri daha da gücləndirir”.
K.Uillis qeyd edib ki, dəyişən hava şəraiti yoluxucu xəstəliklərin yayılması dinamikasına da təsir göstərir:
“Havanın temperaturunun artması ağcaqanadlar kimi xəstəlik daşıyıcılarının əhatə dairəsini genişləndirə, malyariya, “Denq qızdırması” və “Zika” virusu kimi xəstəliklərin daha çox yayılmasına səbəb ola bilər”.
İdarəedici direktor xatırladıb ki, buzlaqların əriməsi və okeanlarda suyun temperaturunun artması həm də yeni patogenlərin yaranmasına gətirib çıxarır və insan sağlamlığı üçün yeni risklər yaradır.
Noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə danışan K.Villis onun təşkilatı iqlim dəyişikliyinin bütün dünyada ictimai sağlamlıq üçün ən böyük təhlükə olduğunu vurğulayaraq sağlamlıq məsələlərinin iqlim danışıqlarına daxil edilməsinin tərəfdarıdır.
O hesab edir ki, səhiyyənin COP sessiyalarında müzakirələrə daxil edilməsi səhiyyə infrastrukturunun maliyyələşdirilməsini optimallaşdıra bilər və bu da iqlim dəyişikliyinin yaratdığı çağırışlarla üzləşə və onlara cavab verə bilsin:
“İqlim ilə yanaşı sağlamlıq problemlərinin müzakirəsi qlobal istiləşmənin təsirlərini daha yaxşı başa düşməyi təmin edə və siyasətçiləri qərarlarının daha geniş təsirləri haqqında düşünməyə təşviq edə bilər. Bundan başqa, sağlamlıq problemləri haqqında məlumatlılığın artırılması daha iddialı iqlim tədbirləri üçün ictimai dəstəyi səfərbər etməyə kömək edə bilər, çünki insanları mücərrəd ekoloji problemlərdən daha çox sağlamlıq problemləri düşündürür. Ümid edirik ki, COP29 və beynəlxalq ictimaiyyətin sağlamlığı getdikcə daha çox iqlim müzakirəsinin mühüm komponenti kimi qəbul etməsinin təməlini qoyacağıq”.