Kanada böyük şirin su ehtiyatlarına, bataqlıqlara və mühüm şimal ərazilərinə malikdir.
"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Təbiət və iqlimlə bağlı xüsusi tədbirlər" mövzusunda sessiyada Kanadanın ətraf mühit və iqlim dəyişiklikləri naziri Stiven Qilbo deyib.
"Lakin iqlim dəyişikliyi təbii mühitimizə dağıdıcı təsir göstərir. Biz xüsusilə şimalda rekord meşə yanğınlarının şahidi olmuşuq ki, bu da ilk növbədə yerli xalqlara təsir edir. 2030-cu ilə qədər planetimizi yaşayış üçün yararlı vəziyyətdə saxlamaq məqsədilə torpaqlarımızın, sularımızın və buzlaqlarımızın ən azı 30 %-ni mühafizə etməyi öhdəmizə götürürük. Bu məqsədlə COP15-dən sonra Kanada və Çinin həmsədrliyi ilə Kunminq-Montreal Qlobal Biomüxtəliflik Çərçivəsinin həyata keçirilməsini sürətləndirmək üçün Təbiəti Qoruyanlar Şəbəkəsini yaratdıq və hələ qoşulmayanları bizə qoşulmağa çağırırıq", - nazir vurğulayıb.
S.Qilbo COP16 çərçivəsində hazırlanmış "Davamlılıq üçün layihələr" modeli haqqında da xatırladıb. Onun sözlərinə görə, bu yanaşma yerli xalqları təşəbbüsün mərkəzinə qoymaqla hökuməti, özəl investorları və xeyriyyə təşkilatlarını cəlb edir.
"Biz investorları ekoloji cəhətdən dayanıqlı layihələrə cəlb etmək və qalıq yanacağa subsidiyalardan imtina etmək üçün Kanadada taksonomik prinsiplərin tətbiqinə başlamışıq. Kanada hələlik G20 ölkələri arasında belə subsidiyaları ləğv edən yeganə ölkədir. Bütün G20 ölkələri 2025-ci ilə qədər bunu etməyi öhdəsinə götürüb", - nazir qeyd edib.