BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycanın irəli sürdüyü 14 təşəbbüs zamanı 5 əsas prinsipə diqqət yetirilib.
“Report” xəbər verir ki, bunu COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov Bakıda keçirilən “Caspian Energy Forum”da çıxışı zamanı bildirib.
“Azərbaycan COP29 çərçivəsində 14 qlobal təşəbbüs irəli sürüb. Bu təşəbbüslər irəli sürülən zaman 5 əsas prinsipə diqqət yetirilib. İlk öncə biz iqlim gündəliyinin maliyyələşmə daxil olmaqla sütunları arasında balansı müəyyən etməyə çalışdıq. İkinci prinsipə ambisiyaların artırılması ilə praqmatizm arasında balansın təhlil edilməsi daxildir.
Üçüncü prinsip dayanıqlı inkişaf məqsədlərinin iqtisadi, sosial və ətraf mühit kimi ölçüləri arasında balansı təmin etməkdir. Dördüncü prinsip odur ki, bizim təşəbbüslərimiz sırasına yalnız qlobal deyil, həm də regional məsələlər daxil edilib. Beşincisi, insanlarla təbiət arasında harmoniyanın təmin edilməsidir”, - E. Məmmədov vurğulayıb.