Bakı. 4 yanvar. REPORT.AZ/ "Türk Hava Yolları" aviaşirkəti 2014-cü ilin son və 2015-ci ilin ilk sərnişinini mükafatlandıraraq onlara pulsuz bilet hədiyyə edib.
"Report" "Haberler" nəşrinə istinadən xəbər verir ki, 2014-cü ilin son sərnişini İstanbuldan Bakıya uçan Azərbaycan vətəndaşı Bayram Əliyev olub.
Məlumata görə, şanslı sərnişinlər hədiyyə qazandıqları biletləri 2015 il ərzində "Türk Hava Yolları"nın təşkil etdiyi hər hansı bir istiqamətdə istədikləri vaxt istifadə edə biləcəklər.
Bayram Əliyev qazandığı bileti müqəddəs Məkkə və ya Mədinə şəhərlərinə uçmaq üçün istifadə edəcəyini bildirib.
Qeyd edək ki, 2015-ci ildə "Türk Hava Yolları"nın xidmətindən istifadə edən ilk sərnişin İran vətəndaşı Röya Pourali olub.