Polşalı ekspert: "Bizdə analıq məzuniyyəti ifadəsi yoxdur, valideyn məzuniyyəti var"

Polşalı ekspert: "Bizdə analıq məzuniyyəti ifadəsi yoxdur, valideyn məzuniyyəti var" Karin Milles: "Bizdə ailələrin çoxu vətəndaş nikahında yaşayır"
Cəmiyyət
11 May , 2017 20:45
Polşalı ekspert: Bizdə analıq məzuniyyəti ifadəsi yoxdur, valideyn məzuniyyəti var
Report.az

Bakı. 11 may. REPORT.AZ/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının (Aİ) TAİEX proqramının birgə əməkdaşlığı çərçivəsində Bakıda keçirilən “Gender problemləri və Media” mövzusunda seminarda iştirak etmək üçün paytaxtımıza gələn Polşadan olan ekspert, siyasi elmlər doktoru xanım Marzena Kordaczuk-Vas və İsveç Respublikasının Sodertorn Universitetinin professoru xanım Karin Milles ölkələrinin mövcud ailə adət-ənənələri ilə bağlı "Report"a açıqlama veriblər.

Polşada mövcud olan ailə adət-ənənələrindən söz açan Marzena Kordaczuk-Vas hazırda ailəyə olan baxışın dəyişdiyini bildirib: "Polşada ailə çox böyük dəyərdir. Əgər 30 il bundan əvvəl Polşadakı ənənəvi ailə barədə danışırıqsa, o zaman ailə məfhumu haqqında köklü fikir var idi. Belə ki, ailə ər-arvaddan, heç olmasa iki uşaqdan ibarət olmalı idi. Amma hazırda iki insan bir yerdə yaşayırsa, rəsmi nikahda olmasalar da artıq ailə kimi qəbul olunur.

Gənc nəsil indi təmtəraqdan, toy mərasimlərinin keçirilməsindən uzaqlaşırlar. Amma təmtəraqlı toy ənənələrindən uzaqlaşmaları, rəsmi nikaha daxil olamadan birlikdə yaşamaları, onları ailə məsuliyyətindən uzaqlaşdırmır. Ailə ilə bağlı məsuliyyət nikahdan asılı deyil. Bizdə vətəndaş nikahında yaşayanlar rəsmi nikaha daxil olanlardan daha çoxdur. Bu cür ailələrdə övlad dünyaya gətirmək fərdlərin özündən asılıdır. Uşaq dünyaya gəldikdən sonra rəsmi nikaha daxil olub-olmamaq haqqında da özləri qərar verirlər. Ola bilər ki, cütlüyün qeyri-rəsmi nikahda olan zaman övladı dünyaya gəlsin və bundan sonra onlar uşağın gələcək taleyini müəyyənləşdirmək üçün rəsmi nikaha daxil olmaq üçün qərar çıxarırlar. 30-40 il əvvəl belə deyildi. Rəsmi nikahlar mütləq hesab olunurdu".

Marzena Kordaczuk-Vas həyat yoldaşı ilə rəsmi nikahda olduğunu bildirib: "Bizim qərarımız rəsmi nikah oldub. Amma bizdə belədir ki, hansı növ nikahda yaşamağından asılı olmayaraq öz həyatınla bağlı məsuliyyət daşımalısan. Pasportdakı möhürdən asılı olmayaraq ailənin taleyini, həyatının taleyini və gələcəyini özün düşünməlisən. Bizdə ailələrdə daha çox iki uşaq olur. Amma çoxuşaqlı ailələr də var. Baba-nənə ilə bir yerdə yaşayan ailələrin sayı getdikcə azalıb. Onu da deyim ki, ailə ilə bağlı dəyərlər ölkənin yerləşdiyi yerdən asılı olaraq yarı-yarıdır. Qərb-Avropa dəyərlərinə söykənən ailələr, eyni zamanda şərqdə olduğumuza görə şərq ənənələrinin höküm sürdüyü ailələr də var".

Qonaq Polşa ailəsində valideynlərin rolu barədə də danışıb. Onun sözlərinə görə, ailənin işlərində ananın rolu necədirsə, ata da onun kimidr: "Aramızda məsuliyyətin bölünməsini aparmışıq. İstər evin təmizlənməsi, yemək hazırlanması, gecələr də daxil olmaqla uşağa baxılması işləri bölüşdürülür. Bizdə analıq məzuniyyəti ifadəsi yoxdur, valideyn məzuniyyəti var və atalar da bu məzuniyyətin bir hissəsini götürə bilər. Uşaq dünyaya gəldikdən sonra valideyn üçün bir il ödənişli məzuniyyət verilir. Bu vaxt üç ilə qədər uzadıla bilər, amma növbəti iki il ödənişsiz olur".

Professor Karin Milles isə bildirib ki, İsveçdə insanların rəsmi nikaha daxil olması vacib hesab olunmur və çoxu ailə vətəndaş nikahında yaşayırlar: "Vətəndaş nikahında yaşayan ailələrin statistikada nə qədər təşkil etdiyini deyə bilmərəm, amma onu deyə bilərəm ki, bu cütlüklərdən dünyaya gələn körpələrin qorunması mexanizmləri qanunvericilkdə təsbit olunub. Hətta qanunvericilkdə vətəndaş nikahında yaşayan kişilər qarşısında tələb qoyulur ki, qeyri-rəsmi nikahda yaşadığı vaxt övlad dünyaya gələrsə, onu öz adına qeydiyyata salsın".

Xanım qonaq bildirib ki, digər ölkələrlə müqayisədə İsveçdə vətəndaş nikahında yaşamaq ənənəsi daha əvvəl olub və uzun illərdir bu cür ailələr var. Onun sözlərinə görə, ölkəsində nikahla bağlı hər hansı bir məcburiyyət yoxdur: "Cütlüklər kilsədə dini nikaha daxil olub o nikahla da yaşaya bilərlər. Heç bir məcburiyyət yoxdur. Cütlüklərin bir yerdə olmasnını uzun illər davam edib-etmədiyini deyə bilmərəm. Adətən belədir ki, illərlə vətəndaş nikahında yaşayanlar sonradan rəsmi nikah da daxil ola bilər və istəmədiyi təqdirdə ayrıla da bilər".

İsveçli professor ölkəsində ailələrdə bir-iki uşaqdan çox övlad dünyaya gətilmədiyini də söyləyib. 

Son xəbərlər

Orphus sistemi