İnternat məktəblərinin məzunları üçün aşpazlıq kursları təşkil olunacaq

İnternat məktəblərinin məzunları üçün aşpazlıq kursları təşkil olunacaq Qızıldaş qəsəbəsindəki 8 saylı Peşə Liseyində yaşayan internat məktəblərini bitirmiş 30 gənc qız və oğlan kurslara cəlb ediləcək
Cəmiyyət
17 Aprel , 2017 20:52
İnternat məktəblərinin məzunları üçün aşpazlıq kursları təşkil olunacaq

Bakı. 17 aprel. REPORT.AZ/ Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi (SUK İB) internat məktəblərini bitirən məzunlar üçün aşpazlıq kursları təşkil edəcək.

Birlikdən "Report"a verilən məlumata görə, üç ay nəzərdə tutulan kursların əsas məqsədi gənclərin bu peşəyə dərindən yiyələnməsi və gələcəkdə onların cəmiyyətdə iş tapmasına, karyera quraraq, müstəqil həyatda özlərinə layiqli yer tutmasına dəstək olmaqdır.

Aşpazlıq kursları Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Etibarlı gələcəyin qurulması üçün birgə fəaliyyət” adlı layihə çərçivəsində reallaşdırılacaq.

Layihə çərçivəsində Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki 8 saylı Peşə Liseyində yaşayan internat məktəblərini bitirmiş 30 gənc qız və oğlan kurslara cəlb ediləcək. Kursu uğurla bitirənlərə sertifikatlar təqdim ediləcək. Kurslarla yanaşı, gənclərə 3 ay ərzində pulsuz hüquqi və psixoloji yardım da ediləcək. Layihənin sonunda bu gənclərin işlə təmin olunmasına da köməklik göstəriləcək.

Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin sədri Məlahət Abbasova bildirib ki, internat məzunları cəmiyyətin ən həssas qruplarına daxil olan insanlardandır: "Təcrübə göstərir ki, bu kateqoriyadan olan insanlar arasında uğurlu həyat qura bilən olsa da, cinayətkarlığın, insan alverinin qurbanına çevrilənlər də az deyil. Odur ki, yeniyetmə və gənclərin internet məktəblərini bitirdikdən sonra həyatda müsqətil olaraq uğurla fəaliyyət göstərməsi üçün ilk növbədə, bir peşəyə yiyələnməyə, karyera qurmağa ehtiyacları var."

"Biz təşkilat nümayəndələri ilə bir neçə ay əvvəl internat məktəbində həmin gənclərlə görüşüb, söhbət etdik, arzu və istəklərini öyrəndik. Onların ən böyük qayğısı heç bir peşənin sahibləri olmamaları, işsizlik idi. Biz onlara öz təklif və tövsiyələrimizi bildirərkən onlar bizə hər hansısa kurslarda (xüsusən aşpazlıq, kompyuter, saç, makiyaj ustası, dərzilik kimi peşələr və s.) iştirak etmək istədiklərini bildirdilər. Odur ki, əmək birjasını da gözdən keçirib, Qızıldaş qəsəbəsindəki 8 saylı Peşə Liseyində yaşayan, internat məktəbinin keçmiş məzunları üçün aşpazlıq kurslarını təşkil etməyi qərara aldıq. Ümid edirəm ki, bu kurslarda öyrəndikləri bilik və bacarıqlar onların həyatında müsbət mənada dönüş yaradacaq, gələcəkdə karyera qurmalarında, işlə təminatlarında da öz töhfəsini verəcək. Bu yeniyetmə və gənclərimiz bizim gələcəyimizdir, onların uğurları hamımızın uğurudur” - təşkilat rəhbəri söyləyib.

Qeyd edək ki, layihə 2017-ci il aprelin 15-dən iyulun 15-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi