“Gənclərin səsi” layihəsinin birinci mərhələsinin qalibləri mükafatlandırılıb

“Gənclərin səsi” layihəsinin birinci mərhələsinin qalibləri mükafatlandırılıb Bu mərhələdə gənclər arasında keçirilmiş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb
Cəmiyyət
1 Fevral , 2015 19:25
“Gənclərin səsi” layihəsinin birinci mərhələsinin qalibləri mükafatlandırılıb

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGMTŞ), Gənclər və İdman Nazirliyi eləcə də BMT-nin Əhali Fondunun əməkdaşlığı çərçivəsində “Gənclərin səsi – Şərqi Avropada və Mərkəzi Asiyada bizim istədiyimiz gələcək” layihəsi həyata keçirilir.

"Report" xəbər verir ki, layihənin birinci mərhələsinin məqsədi BMT-nin 2015-ci ildən sonrakı dövr üçün inkişaf proqramı haqqında məlumatlılığın, gənclərin bu proqramın həyata keçirilməsində iştirakının və onların QİÇS/HİV, gender və insan alveri kimi mövzular ətrafında biliklərinin artırılmasıdır.

Bu mərhələdə gənclər arasında keçirilmiş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. Layihə çərçivəsində, həmçinin QİÇS/HİV, gender və insan alveri mövzularını əhatə edən təlimlər keçirilib. Teatr formatında keçirilən təlimlərin yekununda iştirakçılar hazırladıqları səhnə əsərlərini müxtəlif yaş qruplarından olan tamaşaçılara nümayiş etdiriblər.

Layihənin növbəti mərhələsində isə gənclər sahəsində fəaliyyət göstərən dövlət qurumları ilə gənclər təşkilatlarının cəlb olunacağı kampaniya eyni mövzu ətrafında baxışların inkişaf etdirilməsinə yönələcək. Bu fəaliyyətin əsas məqsədi müxtəlif mədəni, etnik və sosial qruplardan olan gənclərin ehtiyaclarını və maraqlarını müəyyən etməklə onların baxışlarını formalaşdırmaq və bunların əsasında hazırlanacaq təkliflər paketinin 2015–ci ildən sonrakı “Davamlı İnkişaf Məqsədləri”ndə təqdim olunmasıdır.

İnsan kapitalının və gənclərin potensialının inkişafı “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının prioritet istiqamətlərindən biridir. Layihə çərçivəsində həyata keçirilən fəaliyyət bu istiqamətlərin inkişaf etdirilməsinə və Azərbaycan gənclərinin səsinin beynəlxalq arenaya çatdırılmasına imkan yaradır.

Son xəbərlər

Orphus sistemi