“Gənclərin biznes quruculuğuna dəstək” pilot layihəsi başa çatıb

“Gənclərin biznes quruculuğuna dəstək” pilot layihəsi başa çatıb Layihə Bakı, Gəncə və Mingəçevir şəhərlərində reallaşdırılıb
Cəmiyyət
16 Fevral , 2017 20:34
“Gənclərin biznes quruculuğuna dəstək” pilot layihəsi başa çatıb

Bakı. 16 fevral. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin biznes quruculuğuna dəstək” adlı pilot layihəni uğurla başa çatdırıb.

Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Bakı, Gəncə və Mingəçevir şəhərlərində reallaşdırılan layihənin əsas məqsədi gənclərin kiçik biznes quruculuğuna təşviq edilməsinə, onların sahibkarlıq subyektinə çevrilməsi üçün münbit şəraitin yaradılmasına, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasına kömək etmək idi.

Layihənin ilk mərhələsində təcrübəli ekspertlər və sahibkarlar tərəfindən gənclər üçün təlim proqramı təşkil olunub, biznes quruculuğu, etikası, investorlara 5 dəqiqə ərzində ideyanı təqdim etmək, müştəri məmnuniyyəti, ideyanı biznesə çevirmək, strateji planlaşdırma, maliyyə axtarışı, risklərin idarə olunması və s. mövzularda tədris prosesi aparılıb.

Layihənin digər mərhələlərində isə gənclər üçün aparıcı şirkətlərdə praktiki məşğələlər təşkili edilib, tanınan iş adamları ilə görüşlər keçirilib, sahibkarlıq subyekti olmaq istəyən gənclərə hüquqi yardımlar göstərilib, onlar üçün məsləhət xidmətləri təşkil olunub.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, başa çatan pilot layihə qurumun kiçik biznes quruculuğu sahəsində gənclər üçün hazırladığı uzunmüddətli proqramın başlanğıcı idi: "Bu layihə ölkənin aparıcı şəhərlərində gənclərin sahibkar kimi formalaşmasına marağın hansı səviyyədə olmasını, hansı resursların yaradılmasına olan ehtiyacı və s. öyrənməyə imkan verdi. Hazırda bu layihənin benefisiantı olmuş 6 gənc kiçik biznes qurur. Ümid edirik ki, uzunmüddətli proqramımız çərçivəsində kiçik biznes quran gənclərimizin sayı daha da artacaq. Düşünürük ki, bu layihənin əhatə dairəsini və icra mexanizmlərini daha da təkmilləşdirək".

Qeyd edək ki, yaxın gələcəkdə Mərkəzin nəzdində Gənclərin Biznes Quruculuğuna Dəstək Xidməti adlı qurumun yaradılması planlaşdırılır. 

Son xəbərlər

Orphus sistemi