Yuxarı

​DİN-in Tibb İdarəsinin 2 saylı poliklinikası və Nəqliyyatda Baş Polis İdarəsinin yeni binalarının açılışları olub

Daxili işlər naziri Ramil Usubov hər iki tədbirdə iştirak edib

Bakı. 9 may. REPORT.AZ/ Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində, faşizm üzərində Qələbənin 70 illik yubileyi günü - mayın 9-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Tibb İdarəsinin 2 saylı Poliklinikasının və Nəqliyyatda Baş Polis İdarəsinin yeni binalarının açılışları olub.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov hər iki tədbirdə iştirak edib.

Əvvəlcə daxili işlər naziri 2 nömrəli Poliklinikanın binasının açılışını bildirən lenti kəsib.

Əsaslı Tikinti İdarəsinin rəisi, polis polkovniki Qasım Əliyev yeni tikilinin əsas parametrləri barədə nazirə məlumat verib. Qeyd olunub ki, ümumi sahəsi 2044 kvadratmetr olan üçmərtəbəli inzibati bina bütün zəruri kommunikasiyalarla təchiz edilib. Yeni binada 50 müxtəlif təyinatlı otaqlar, o cümlədən qeydiyyat, müalicə, rentgen, fizioterapiya, laboratoriya, təsərrüfat və.s xidmət sahələri vardır. Poliklinikanın binası hər cür tibbi avadanlıqlarla, mebel və inventarlarla təmin olunub. Ərazidə abadlaşdırma, yaşıllaşdırma və xarici isıqlandırma işləri yerinə yetirilib.

Nazir yeni binadakı xidməti otaqlar, müasir tibb avadanlıqları və digər yardımçı sahələrlə yaxından tanış olub, ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolunu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını, o cümlədən ümummilli liderin və ölkə başçısının DİN-in Hospitalına gəlişlərini əks etdirən fotostendlərə baxıb.

Poliklinikanın tibb personalı ilə görüşən general-polkovnik Ramil Usubov görülən işləri yüksək qiymətləndirib, şəxsi heyətin normal fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, konkret tapşırıqlarını verib.

Sonra Nəqliyyatda Baş Polis İdarəsinin yeni inzibati binasının açılışı olub. Qeyd edilib ki, inşasına 2013-cü ilin martında başlanmış beşmərtəbəli binanın ümumi sahəsi 4387 kvadratmetrdir. Yeni tikilidə 109 xidməti və təsərrüfat otaları, akt zalı, xüsusi vasitələrin saxlanması otağı vardır. Ən müasir standartlara cavab verən yeni bina bütün zəruri kommunikasiyalarla, o cümlədən mərkəzləşdirilmiş su, istilik, kondisioner və havalandırma, elektrik, rabitə sistemləri ilə təchiz edilib. Ərazidə yeməkxana binası da tikilib, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib, qazanxana, transformator məntəqəsi, 2 su anbarı və digər mühəndis qurğuları istifadəyə verilib.

Daxili işlər naziri növbətçi hissəyə, xidməti otaqlara, akt zalına və digər yardımçı sahələrə baxıb, ümummilli liderin və ölkə Prezidentinin möhtəşəm fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən guşə ilə tanış olub, görülən işlərdən razılığını bildirib.

Daha sonra cənab Ramil Usubov akt zalında Baş İdarənin şəxsi heyəti ilə görüşüb. Nazir qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili işlər orqanlarına göstərdiyi ali diqqət və qayğı nəticəsində hər il onlarca yeni obyektlər tikilib istismara verilir, lazımi texniki vasitələr və avadanlıqlar alınır. Dövlət başçımız elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin daxili işlər orqanlarında tətbiqinə, DİO-nun zəruri avadanlıq və texnika ilə təchizatına böyük diqqət yetirir, bunun sayəsində Daxili İşlər Nazirliyi müasir tələblərə cavab verən texniki və xüsusi vasitələrlə təmin olunur. Bütün bunlar şəxsi heyətin iş şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərir, onları xidməti vəzifələrini layiqincə yerinə yetirməyə ruhlandırır.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət yüksək diqqət və qayğıya əməli işlə cavab verəcək, ölkəmizdə sabitliyin, əmin-amanlığın nümunəvi qorunması və cinayətkarlıqla mübarizə sahəsində qətiyyətli sözünü deyəcəkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi