Yuxarı

Azərbaycanda bələdiyyələrlə bağlı qanunvericiliyə dəyişiklik ediləcək

Komitə sədri Arif Rəhimzadə deyib ki, ötən dövrdə komitənin 5 iclası keçirilib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Milli Məclisin (MM) Regional məsələlər komitəsinin parlamentin 2014-cü il payız sessiyasında ilk iclası keçirilib.

MM-dən Report-a verilən məlumata görə, gündəliyə Milli Məclisin 2014-cü il yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat, cari ilin payız sessiyası üçün komitənin iş planının layihəsi, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” qanun layihəsi daxil edilib.

İclasda hesabatla bağlı məlumat verən komitə sədri Arif Rəhimzadə deyib ki, ötən dövrdə komitənin 5 iclası keçirilib, yığıncaqlarda 13 məsələ, o cümlədən 10 qanun layihəsi müzakirə olunub. A.Rəhimzadə deyib ki, komitədə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin təqdim etdiyi illik məruzə dinlənilib. Sessiya zamanı bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması barədə qanun layihəsinə baxılıb, ölkədə bələdiyyələrin sayı 1717-dən 1607-yə endirilib.

Xatırladılıb ki, komitədə həmçinin “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin statusu haqında”, “Büdcə sistemi haqqında” qanunlara və Vergi Məcəlləsinə edilən dəyişikliklər müzakirə olunub. Müvafiq düzəlişlərə əsasən, yerli vergi və ödənişlərin yalnız banklar, poçt rabitəsinin milli operatoru, mövcud nağdsız ödəmə vasitələrlə həyata keçirilməsi təsbit olunub, dövlət büdcəsindən bələdiyyələrə subvensiyanın və dotasiyanın hesablanması, ayrılması qaydaları və müddəti dəqiqləşdirilib, fiziki şəxslərin əmlakından tutulan verginin müəyyən edilməsi məsələsinə aydınlıq gətirilib. 

Arif Rəhimzadə bildirib ki, hesabat dövründə komitənin ünvanına daxil olan 197 məktub, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılıb. Komitə üzvləri tərəfindən 557 nəfər vətəndaş qəbul edilib. İclas iştirakçıları 2014-cü il yaz və növbədənkənar sessiyalar ərzində komitənin işini müsbət dəyərləndiriblər.
Sonra cari ilin payız sessiyası zamanı müzakirəyə çıxarılması nəzərdə tutulan məsələlər barədə məlumat verilib. Bildirilib ki, komitənin işlər planına “Bələdiyyələrin əraziləri və torpaqları haqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında”, habelə bir sıra qanunlara dəyişikliklərin edilməsi ilə bağlı sənədlər daxil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi