Yuxarı

Xaçmazda islam mikromaliyyələşməsi mövzusunda təlim keçirilir

İslam İnkişaf Bankı ilə birgə təşkil olunan təlim 5 gün davam edəcək

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu gün Xaçmazda Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və İslam İnkişaf Bankının birgə təşkilatçılığı ilə “Yoxsulluğun azaldılması üçün islam mikromaliyyələşməsi” mövzusunda regional təlim işə başlayıb.

“Report” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, regional təlimi giriş sözü ilə açan İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev 2014-cü ildən etibarən İslam İnkişaf Bankı və İslami Tədqiqatlar və Təlim İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində görülən işlər barədə məlumat verib: “Keçirilən digər tədbirlər kimi bu təlimin də İslami Tədqiqatlar və Təlim İnstitutu ilə əlaqələrin inkişafında əhəmiyyəti böyükdür. Eyni zamanda, yoxsulluğun azaldılması istiqamətində kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi olduqca vacibdir”.

İslami Tədqiqatlar və Təlim İnstitutunun nümayəndəsi Faysal Slama isə çıxışında islami mikromaliyyələşmənin İslam İnkişaf Bankı və təmsil etdiyi İnstitutun prioritet tədqiqat mövzusu olduğunu deyib. Tədqiqat üzrə görülmüş işlər barədə iştirakçılara geniş məlumat verib.

Daha sonra “Yoxsulların ehtiyacı nədir?”, “Yoxsulluğun azaldılmasına islamı yanaşma” modulları üzrə məruzələr dinlənilib, praktiki vərdişlərin qazanılması üzrə tapşırıqların icrasına başlanılıb.

Qeyd edək ki, 5 gün davam edəcək təlimdə “İslami mikromaliyyələşdirmə sektorunun icmalı”, “Kommersiya üsulları və modellər”, “Donorların rolu: İslam İnkişaf Bankının islami mikromaliyyələşmə təşəbbüsləri” və s. modullar üzrə məruzələr dinləniləcək, təlimin yekunlarına dair qiymətləndirilmə aparılacaq, iştirakçılara sertifikatlar təqdim olunacaq.

Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, İslam İnkişaf Bankı İslami Tədqiqatlar və Təlim İnstitutunun əməkdaşları, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislər və sahibkarlar iştirak edirlər.

Tədbir çərçivəsində təlim iştirakçıları Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator və Xaçmazda fəaliyyət göstərən müəssisələrlə, eləcə də Xaçmazın görməli yerləri ilə tanış olacaqlar.

Təlim dekabrın 18-də başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi