İlk xəbər saat 15:22-də verilib
Bakı. 13 iyul. REPORT.AZ/ "Yandex" və "Uber" şirkətləri Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan və Qazaxıstanda onlayn-sifariş üzrə taksi xidmətlərinin birləşdirilməsinə dair müqavilə imzalayıb.
"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Yandex.Taxi" şirkətinin baş direktoru bildirib ki, xidmətlərin birləşməsindən sonra istifadəçilər üçün "Yandex.Taxi", eləcə də "Uber" tətbiqlərinin hər ikisi əlçatar olacaq.
"Sürücülərin bazası vahid platformada birləşəcək. Bu isə sürücülərə bir dəfəyə iki proqramdan sifariş almağa imkan verəcək. Bütün bunlar sürücülərə 1 saatda daha çox sifariş almaq, sərnişinlərə isə gedişin münasib qiymətə olmasına şərait yaradacaq", - o, bildirib.
Qeyd edək ki, bütün taksi sürücüləri sifarişlər bölgüsünün eyni alqoritmi və "Yandex"in naviqasiya-kartoqrafiya texnologiyasından istifadə edəcəklər. Bundan əlavə, indi istifadəçilər üçün xüsusi rouminq sazişi fəaliyyət göstərəcək.
Hazırda "Yandex"in səhmlərinin dəyəri tarixi maksimuma çatıb.
***
Qeyd edək ki, “Uber” və “Yandex” şirkətlərinin gedişlərin onlayn sifarişi bizneslərini bir şirkət daxilində birləşdirilməsinə dair sazişin şərtlərinə əsasən, tərəflər yeni şirkətin dəyərini 3,725 mlrd. dollar həcmində qiymətləndirir və ona müvafiq olaraq 225 mln. dollar və 100 mln. dollar məbləğində sərmayə yatıracaq. Bu yatırımları və mümkün ola bilən düzəlişləri nəzərə almaqla müqavilənin bitməsi zamanı şirkətin 59,3%-i “Yandex”ə, 36,6%-i “Uber”ə, 4,1%-i isə şirkətin əməkdaşlarına məxsus olacaq.
Saziş “Uber” və “Yandex” şirkətlərinin Direktorlar Şurası tərəfindən təsdiqlənib. Hazırda tənzimləyici orqanlar tərəfindən təsdiqlənməsi gözlənilir, sazişin tam olaraq 2017-ci ilin IV rübündə bağlanması planlaşdırılır.