Yuxarı

​Xaçmazda dövlətin güzəştli kreditləri hesabına müasir taxıl anbarı tikilir

Quba-Xaçmaz rayonunda fəaliyyət göstərən 52 sahibkara 580 min manat güzəştli kredit verilib

Bakı. 10 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin həyata keçirilməsi məqsədi ilə bu gün Xaçmaz rayonunun Arzu qəsəbəsində işgüzar forum baş tutub.

“Report”un İqtisadiyyat Nazirliyinə istinadən verdiyi xəbərə görə, 150-yə yaxın sahibkarın iştirak etdiyi işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Xaçmazda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.

Forum çərçivəsində Xaçmaz rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan süd emalı zavodunun, müasir istixana kompleksinin, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının, ixtisaslaşdırılmış “yaşıl market”in və şirniyyat məhsullarının istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Forumda çıxış edən Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bugünədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2130 investisiya layihəsinin maliyyələşdirilməsinə 154 mln. manat güzəştli kredit verilib. Müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, çörək zavodunun, istixana, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı, tara, tikinti materialları istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 10 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 52 sahibkara 580 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən heyvandarlıq, bağçılıq, quşçuluq, fındıq emalı, arıçılıq, plastik qapı-pəncərə istehsalı, turizm sahələrinin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Xaçmazda güzəştli kredit ayrılmış meyvə-tərəvəz emalı zavoduna və tutumu 10 min ton olan taxıl anbarında aparılan son tamamlama işlərinə baxış keçirilib.

Məlumat üçün qeyd edək ki, Fond kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə tutumu 330.4 min ton olan 52 logistik mərkəzin və ümumi tutumu 352 min tona yaxın olan 23 taxıl anbarı kompleksinin yaradılmasına 191,8 mln. manat kredit verib. Bundan əlavə, SKMF tərəfindən ayrılan 58,7 mln. manat kredit hesabına illik emal gücü 120 min ton olan 16 meyvə-tərəvəz emalı müəssisəsi yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi