VI Beynəlxalq "Caspian Enerji Forumu" keçirilib

VI Beynəlxalq "Caspian Enerji Forumu" keçirilib Bakı. 15 iyun. REPORT.AZ/ İyunun 14-də Naxçıvan Biznes Mərkəzində VI Beynəlxalq “Caspian Enerji Forumu” keçirilib.
Biznes
15 İyun , 2018 13:22
VI Beynəlxalq Caspian Enerji Forumu keçirilib

Bakı. 15 iyun. REPORT.AZ/ İyunun 14-də Naxçıvan Biznes Mərkəzində VI Beynəlxalq “Caspian Enerji Forumu” keçirilib. 

“Report” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rafiq Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun adından forum iştirakçılarını salamlayıb.

Bildirilib ki, VI Beynəlxalq “Caspian Enerji Forumu” Azərbaycan üçün çox əlamətdar bir tarixdə - Milli Qurtuluş Günü ərəfəsində keçirilir. Düz 25 il bundan əvvəl Azərbaycan xalqının təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtması nəticəsində müstəqil Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsindən xilas oldu. Məhz həmin dövrdən başlayaraq ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrində tərəqqinin əsasları qoyuldu. Ulu öndərin müəllifı olduğu siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, hazırda ölkəmiz və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası yeni bir mərhələyə - dinamik və davamlı inkişaf mərhələsinə qədəm qoyub, geniş sahibkarlar təbəqəsi formalaşıb, sosial-iqtisadi inkişafda özəl bölmənin rolu daha da artıb. Vurğulanıb ki, məhz bu inkişafın nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası ölkə başçısının rəhbəri olduğu “Caspian European Club”un 2017-ci il üçün 18 parametr üzrə tərtib etdiyi investisiya reytinqinin lideri olub. Artıq 28 ilə yaxındır ki, blokada şəraitində yaşamasma baxmayaraq, muxtar respublikada ictimai-siyasi sabitlik və dayanıqlı inkişaf təmin edilib, enerji və ərzaq təhlükəsizliyinə nail olunub.

Forumda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, nialiyyətlər və perspektivlər” mövzusunda çıxış edərək bildirib ki, həyata keçirilən quruculuq tədbirləri, iqtisadi və sosial sahədə əldə olunan nailiyyətlər Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ən qabaqcıl, inkişaf etmiş bölgəsinə çevirib. 1995-ci ildən başlayaraq muxtar respublika iqtisadiyyatının əsas sahələrinin, o cümlədən sənayenin, tikintinin, kənd təsərrüfatının, nəqliyyat və rabitənin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasət məhsul istehsalının artımına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə öz müsbət təsirini göstərib, iqtisadi və sosial sahədə makroiqtisadi göstəricilər hər il yüksələn xətlə davam edərək 2017-ci ildə ümumi daxili məhsulun həcmi 2 milyard 701 milyon 663 min manata, onun hər bir nəfərə düşən həcmi isə 5 990 manata çatıb. Vurğulanıb ki, hazırda muxtar respublikada 382 növdə məhsulun istehsal olunması, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi məhz iqtisadiyyatın diversifikasiyası, sahibkarlığa göstərilən dövlət qayğısı və yeni iqtisadi layihələrin dəstəklənməsi sayəsində mümkün olub. Muxtar respublikanın bank strukturları və kredit təşkilatları tərəfindən iqtisadiyyata kredit qoyuluşunun həcmi 2017-ci ildə 31 milyon 314 min manat təşkil edib. Bu dövr ərzində sahibkarlara 10 milyon manatdan çox kreditlər verilib ki, bunun 1 milyon 978 min manatı Sahibkarlığa Kömək Fondunun payına düşüb. Eyni zamanda biznes mühitinin yaxşılaşdırılması, dövlətin dəstəyi sahibkarlığın inkişafına təkan verib, orta sahibkar təbəqəsi formalaşıb, ÜDM-də özəl sektorun payı 89 faizə çatıb. O həmçinin muxtar respublika iqtisadiyyatının diversifikasiyası və dinamik inkişafının xarici ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir etdiyini, 2017-ci ildə muxtar respublikanın xarici ticarət dövriyyəsinin 459 milyon 889 min ABŞ dollarına çatmasını, xarici ticarətdə 386 milyon 751 min ABŞ dolları həcmində müsbət saldo yaranmasını, 50-dən çox xarici ölkə ilə ticarət əlaqələrinin olduğunu forum iştirkçılarının nəzərinə çatdırıb.

“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev “Caspian European Club”un Azərbaycan regionlarının inkişafında rolu mövzusunda çıxış edərək qeyd edib ki, ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması sahib olduğu karbohidrogen sərvətlərinin qeyri-neft sektoruna yönəldilməsi və dövlətin uğurla həyata keçirdiyi regional inkişaf strategiyası ölkə başçısı İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində mümkün olub. Bildirilib ki, 2017-ci ilin göstəricilərinə əsasən, Naxçıvan Muxtar Respublikasının lider olması çox əhəmiyyətli hadisə kimi burada həyata keçirilən iqtisadi və sosial siyasətin uğurlu nəticəsi kimi qiymətləndirilir. Naxçıvanın ixrac potensialının artması, yerli məhsullar istehsal edən yeni müəssisələrin yaradılması onun investisiya cəzibədarlığından xəbər verir. O, forumun əhəmiyyətini bir daha vurğulayaraq “Caspian European Club”un gələcəkdə də naxçıvanlı sahibkarlara işgüzar dəstək verəcəyinə əmin olduğunu bildirib.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasyasının İdarə Heyətinin sədri Vüqar Abbasov “Naxçıvan Muxtar Respublikasında sahibkarlıq və sənayenin inkişafı” mövzusunda çıxış edərək deyib ki, Naxçıvanda sahibkarlığa dövlət dəstəyi kiçik və orta sahibkarlığın inkişafına güclü təkan verib. Bildirilib ki, dövlətin sahibkara sahib çıxması muxtar respublikada iqtisadiyyatın dinamik inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına töhfəsini verib, iqtisadiyyatın çoxşaxəli inkişafını təmin edib. Muxtar respublikada sənaye məhsulunun həcmi 2017-ci ildə 967 milyon manata, bu sektorda çalışanların sayı isə 16,2 min nəfərə çatıb. Hazırda sənaye məhsulu istehsalında özəl bölmənin payı 95,8 faiz təşkil edir. Sənaye sektorunda əsas kapitala yönəldilmiş investisiyalar son on ildə 4,5 dəfə artıb.

“Caspian European Club”un İdarə Heytinin üzvü Avni Demirci Naxçıvan Muxtar Respublikasında investisiya və biznes fəaliyyəti barədə perspektiv planlardan bəhs edib. O bildirib ki, bu sahədə əldə olunmuş nailiyyətlərdə bank sektorunun uğurlu fəaliyyətinin mühüm əhəmiyyəti var. O, təmsil etdiyi Türkiyə "Ziraat Bank"ının bu sahədə böyük təcrübəsi olduğunu bildirib.

Daha sonra “Nəqşicahan Holdinq” Şirkətlər Qupu MMC-nin direktoru Mübariz Vəliyevin “Naxçıvan İslam Mədəniyyəti Paytaxtı – 2018” turizm üçün yeni perspektivlər”, “Ləzzət Qida Sənaye” MMC-nin direktoru Teymur Rzayevin “İxrac potensialı, perspektiv bazarlar və nailiyyətlər” və “Caspian European Club”un İdarə Heyətinin üzvü Vüqar Eyvazovun “Naxçıvan Muxtar Respublikasında investisiya və biznes fəaliyyəti barədə perspektiv planlar” mövzularında çıxışları dinlənilib.

Müzakirələrdən sonra 2017-ci ildə Naxçıvan Muxtar Respublkasında əldə olunmuş nailiyyətlərə həsr olunmuş filmin nümayiş etdirilib.

Eyni zamanda forum iştirakçıları Naxçıvan şəhərindəki tarixi abidələrlə tanış olub, istehsal və xidmət sahələrində olublar. 

Son xəbərlər

Orphus sistemi