Yuxarı

​Vergilər Nazirliyində aksizli məhsul istehsalçıları ilə görüş keçirilib

Azərbaycanda aksizli mal istehsal edən vergi ödəyiclərində nəzarət postları yaradılıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Vergilər Nazirliyində spirtli içkilər və tütün məmulatları istehsal edən vergi ödəyiciləri ilə görüş keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata əsasən, görüşdə Vergi Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı 2014-cü il 30 dekabr tarixli qanunda ölkədə istehsal olunan içməli spirt, pivə, spirtli içkilər və tütün məmulatlarına tətbiq edilən aksiz vergisinin dərəcəsinin dəyişdirilməsi məsələsi müzakirə olunub.

Tədbirdə çıxış edən vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov spirtli içki və tütün məmulatlarının satışı zamanı vergidən yayınma hallarının olduğunu, bu məhsulların istehsalı ilə məşğul olan bəzi müəssisələrdə kvota üzrə müəyyən edilmiş istehsal həcminin yerinə yetirilmədiyini və təqdim edilmiş hesabatlarda istehsal həcminin azaldılması hallarına yol verildiyini qeyd edib.

Müşavir bildirib ki, aksiz vergisi üzrə real istehsal həcminin müəyyən edilməsi məqsədilə vergi orqanları tərəfindən aksizli mallar istehsal edən vergi ödəyiclərində nəzarət postları yaradılıb. Bu postların fəaliyyəti Vergilər Nazirliyi tərəfindən müntəzəm nəzarətdə saxlanılır və nəticələr hesabat məlumatları ilə müqayisəli təhlil edilir.

Ötən il ərzində aksiz markalarının tətbiqinə dair keçirilmiş nəzarət işlərinin nəticələrinə toxunan İ.Əhmədov qeyd edib ki, nəzarət aparılan 1754 obyektdən 897-də 10821 ədəd aksizsiz malların və 857 ədəd saxta aksizli malların satış məqsədi ilə saxlanıldığı aşkar edilib.

Əlavə olunub ki, 2014-cü ilin noyabr-dekabr aylarında aparılan vergi nəzarəti tədbirləri zamanı 6 vergi ödəyicisində xeyli və külli miqdarda saxta aksiz markasi ilə markalanmış və ya aksiz markası ilə markalanmalı olan malların marka olmadan satış məqsədi ilə saxlanılması faktı aşkarlanıb, Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti tərəfindən həmin faktlar üzrə cinayət işi başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi