Yuxarı
    Bağlamaq

    Vergilər Nazirliyi: Vergilər üzrə borcların əsas məbləğinin silinməsi nəzərdə tutulmayıb

    Yeni qanun 44 mindən çox vergi ödəyicisini əhatə edəcək, onların 97%-dən çoxu özəl sektorda çalışır

    Bakı. 26 dekabr. REPORT.AZ/ Dekabrın 26-da Vergilər Nazirliyində “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsinin izahına həsr edilmiş brifinq keçirilib. 

    “Report” xəbər verir ki, brinfinqdə çıxış edən Vergilər Nazirliyi Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi Zeynalabdin Məmmədzadə qanun layihəsi barədə danışaraq bildirib ki, sənəd ölkə Prezidentinin təşəbbüsü ilə hazırlanıb və ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədi daşıyır.

    Qanun layihəsinin artıq Milli Məclisinin plenar iclasına tövsiyyə olunduğunu qeyd edən Z.Məmmədzadə, qəbul olunacağı təqdirdə sənədin 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcəyini bildirib.

    Nazirlik rəsmisinin sözlərinə görə, vergi borclarına görə amnistiyaların tətbiqi alətindən bir çox xarici dövlətlərdə geniş istifadə edilir. Məsələn, Türkiyədə bu təcrübə mütəmadi olaraq uğurla tətbiq olunur və sonuncu belə bir qanun 2016-cı ilin avqust ayında qəbul edilib. Dünya təcrübəsinə əsasən, bu kimi layihələrin tətbiqi sahibkarlıq fəaliyyətini stimullaşdırmaqla yanaşı, sahibkarların sərəncamında kifayət qədər sərbəst vəsaitlərin qalmasına, onların işgüzar fəaliyyətlərinin genişlənməsinə, ölkənin ticarət fəaliyyətində rolunun və iqtisadi aktivliyinin artmasına əlavə imkanlar yaradır və nəticədə vergiləri vaxtında ödəmə potensialının yenidən bərpa olunmasına xidmət edir.

    Media nümayəndələrinin nəzərinə çatdırılıb ki, Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi borcları vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclardan ibarətdir. Sözügedən qanun layihəsi vergi ödəyicilərinin yalnız faiz və maliyyə sanksiyaları üzrə 1 yanvar 2017-ci il tarixə mövcud olan borclarını tənzimləyəcək. Yəni, vergi ödəyicilərinin vergilər üzrə borclarının əsas məbləğinin silinməsi nəzərdə tutulmayıb.

    Z.Məmmədzadə bildirib ki, faiz və maliyyə sanksiyaları üzrə borcların 2 qaydada – bir dəfəyə və mərhələli şəkildə silinməsi nəzərdə tutulur. Belə ki, 2017-ci il yanvarın 1-dən vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər və nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borclar bir dəfəyə istisnasız silinəcək.

    Digər maliyyə sanksiyaları üzrə borcların isə mərhələli şəkildə və müəyyən şərtlər daxilində silinməsi nəzərdə tutulur. 1 yanvar 2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borcların 2017-ci ilin yanvar ayı ərzində 30%-i ödənildikdə qalan borcların 70%-i, 2017-ci ilin yanvar-fevral ayları ərzində 50%-i ödənildikdə qalan borcların 50%-i, 2017-ci ilin yanvar-mart ayları ərzində isə 70%-i ödənildikdə qalan borcların 30%-i silinəcək.

    Qanunun müddəaları vergi ödəyicilərinin faiz və maliyyə sanksiyaları üzrə borclarının məcburi ödənilməsi ilə bağlı məhkəmə qərarı qəbul edilmiş hissələrinə də şamil ediləcək.

    Brifinqdə qeyd olunub ki, qanunun tətbiqi ilə bağlı sahibkarlar vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla, vergi orqanlarına elektron şəkildə müraciət etməklə, yaxud Vergilər Nazirliyinin Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq öz vergi borcları barədə, habelə qanundan irəli gələn digər məsələlər barədə ətraflı məlumat ala bilərlər.

    Bildirilib ki, sahibkarların sərəncamında qalacaq vəsait də iqtisadi dövriyyəyə daxil olacaq və multiplikasiya effekti nəzərə alınarsa, o zaman bunun iqtisadi səmərəsi bir neçə dəfə artacaq. Bu təşəbbüsün vergi orqanları ilə sahibkarlar arasında qarşılıqlı etimadı bir qədər də gücləndirəcəyinə, sahibkarlarda könüllü əməletmə səviyyəsinin və vergi intizamının daha da artıracağına əminlik vurğulanıb.

    Qanun 44 mindən çox vergi ödəyicisini əhatə edəcək. Onların 97%-dən çoxu özəl sektorda çalışan sahibkarlardır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi