Lənkəran. 23 yanvar. REPORT.AZ/ Vergilər Nazirliyi regionlarda fəaliyyət göstərən vergi ödəyiciləri ilə silsilə görüşləri davam etdirir.
"Report"un Cənub bürosunun verdiyi məlumata görə, məqsəd Prezident İlham Əliyev tərəfindən 2016-cı il dekabrın 23-də imzalanan və 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Vergi ödəyicilərinin 2017-ci ilin yanvarın 1-nə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunların, habelə vergi inzibatçılığında baş vermiş dəyişikliklərin mahiyyətinin sahibkarlara və iş adamlarına bilavasitə çatdırılmasıdır.
Növbəti belə görüş yanvarın 23-də Lənkəran şəhərində 6 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə daxil olan Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan sahibkarlarla keçirilib.
Tədbiri Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açaraq ölkədə, o cümlədən Lənkəran rayonunda sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən, iş adamlarına olunan güzəştlərdən və bu sahədə vergi ödəyiciləri qarşısında duran vəzifələrdən danışıb.
Daha sonra vergilər nazirinin müavini Sahib Ələkbərov çıxış edərək Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas məqsədi, ölkədə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, dürüst və şəffaf vergi uçotunun qurulması barədə ətraflı məlumat verib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.