Vergilər Nazirliyi: e-Ticarətdə "elektron pulların" tətbiqi vergi nəzarətinin həyata keçirilməsini çətinləşdirir

Vergilər Nazirliyi: e-Ticarətdə "elektron pulların" tətbiqi vergi nəzarətinin həyata keçirilməsini çətinləşdirir Vergi ödəyicilərinin uçota alınması elektron ticarət sahəsində satıcı ilə alıcı arasındakı münasibətlərin tənzimlənməsinə şərait yaradacaq
Biznes
2 Sentyabr , 2016 11:56
Vergilər Nazirliyi: e-Ticarətdə elektron pulların tətbiqi vergi nəzarətinin həyata keçirilməsini çətinləşdirir

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycanın vergi sahəsində aparılan islahatlar məqsədilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında rəqəmsal iqtisadiyyatın (elektron ticarət) vergiyə cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir. “Report” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin yaydığı məlumatda qeyd edilir: "Azərbaycanda "Elektron ticarət haqqında" qanun 2005-ci ildə qəbul edilib. 2008-ci il dekabrin 2-də "SilverKey Azerbaijan" şirkəti ilk dəfə olaraq "Visa" və "MasterCard" sistemləri vasitəsilə xüsusi lisenziya alıb və bundan sonra ölkədə e-ticarət formalaşmağa başlayıb".

"Ölkədə biznesin elektron qaydada aparılması zamanı meydana çıxan hüquqi və iqtisadi münasibətləri tənzimləyən bir sıra qanunvericilik aktları mövcuddur. Bu baxımdan "Elektron sənəd, elektron imza haqqında", "Elektron ticarət haqqında" qanunlar, Mülki və İnzibati Xətalar məcəllələrinə elektron ticarətlə bağlı müddəaların daxil edilməsini göstərmək olar. Hazırda elektron ticarətə vergi nəzarəti Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada aparılır", - deyə məlumatda qeyd edilib.

Nazirlik elektron ticarətdə "elektron pulların" tətbiqinin bu sahəyə vergi nəzarətinin həyata keçirilməsini çətinləşdirdiyini açıqlayıb: “Bundan başqa, belə əməliyyatların transmilli olması vergi nəzarəti üçün əlavə problemlər yaradır. Təcrübə göstərir ki, bir çox hallarda e-ticarət əməliyyatları həyata keçirən şəxsin, yəni satıcının bir dövlətin, alıcının isə digər dövlətin rezidenti olması, serverin isə tamamilə başqa dövlətdə yerləşməsi vergi orqanlarının üzləşdiyi əsas problemlərdəndir”.

Açıqlamada göstərilir ki, hazırda Vergilər Nazirliyinin mütəxəssisləri elektron ticarətin vergiyə cəlb olunmasının daha səmərəli mexanizminin yaradılması üçün qanunvericiliyin və İT-nin təkmilləşdirilməsi sahəsində ciddi işlər görürlər: “Elektron ticarət üzrə vergi nəzarətinin təşkil edilməsi məqsədi ilə ilk növbədə ölkədə kommersiya məqsədləri ilə yaradılan bütün internet resursları vergi uçotuna alınmalı və onların gəlirlərinin vergi qanunvericiliyinə uyğun bəyan edilməsi təmin olunmalıdır. Eyni zamanda, bu növ fəaliyyəti həyata keçirən şəxslərin istifadə etdiyi veb səhifələrin müəyyən edilməsi ilə vergi orqanlarında uçotunun yoxlanılması həyata keçiriləcək".

"Azərbaycanda internet istifadəçilərinin sayının artması, nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı nəzərdə tutulan tədbirlər, internet vasitəsilə alış-veriş edən əhalinin sayının gündən-günə çoxalması ölkədə elektron ticarətin vergiyə cəlb olunması üçün böyük potensialın olduğunu göstərir. Son illər ölkə daxilində internet saytlarında və ya sosial şəbəkələrdə reklam yerləşdirməklə, habelə internet üzərindən elektron ticarət həyata keçirməklə bağlı iqtisadi fəaliyyətin miqyasının artması müşahidə edilir. Məlum olduğu kimi, xərclər aşağı olduğundan elektron ticarət məhsulların daha ucuz qiymətə təklif olunması ilə səciyyələnir", - deyə açıqlamada qeyd edilir.

Nazirlik bəyan edir ki, elektron ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin uçotu istehlakçıların hüquqlarının qorunmasına da müsbət təsir göstərəcək: “Bəzi hallarda istehlakçıların elektron ticarət şəbəkəsindən mal alarkən hüquqları pozulur. Vergi ödəyicilərinin uçota alınması isə elektron ticarət sahəsində satıcı ilə alıcı arasındakı münasibətlərin tənzimlənməsinə şərait yaradacaq".

Son xəbərlər

Orphus sistemi