Vergilər Nazirliyi: Azərbaycanda vergi nəzarət tədbirləri 5 dəfə azaldılıb

Vergilər Nazirliyi: Azərbaycanda vergi nəzarət tədbirləri 5 dəfə azaldılıb Bunu Vergi auditi və operativ vergi nəzarəti İdarəsinin rəisi Toğrul Quliyev bildirib
Biznes
19 Oktyabr , 2016 13:47
Vergilər Nazirliyi: Azərbaycanda vergi nəzarət tədbirləri 5 dəfə azaldılıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 4 441 səyyar vergi yoxlaması başa çatıb ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yarıbayarı azdır. "Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi auditi və operativ vergi nəzarəti İdarəsinin rəisi Toğrul Quliyev məlumat verib.

Onun sözlərinə görə, 2015-ci ilin ilk 9 ayı ərzində 58 574 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 66 527 akt tərtib edildiyi halda, 2016-cı ilin eyni dövründə 12 735 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 14 567 akt tərtib edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə aktların sayının 4,6 dəfə azalması deməkdir.

T.Quliyev qeyd edib ki, hesabat dövründə tətbiq edilmiş inzibati cərimə və maliyyə sanksiyalarının məbləği isə keçən ilin ilk 9 ayına nisbətən 8,5 dəfə azalaraq cəmi 2,3 mln. manat təşkil edib: "Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulması, Vergi Məcəlləsinin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsi, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradılması faktlarının aşkar edilməsi məsələləri üzrə keçirilmiş operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə görə 7 292 halda vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsindən imtina edilməsi haqqında qərar çıxarılıb".

Onun sözlərinə görə, aprel-sentyabr aylarında aparılmış vergi nəzarəti tədbirləri zamanı 18 vergi ödəyicisi tərəfindən 398 nəfərin əmək müqavilələri hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb olunduğu aşkar edilib. Bu hallar Cinayət Məcəlləsinin 162.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olduğu üçün toplanmış sənədlər əsasında cinayət işi başlanılıb.

Riskli hesab edilmiş 1 148 vergi ödəyicisi üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanun pozuntuları aşkar edilib və aparılmış xronometraj metodu ilə müşahidələr zamanı dövriyyənin orta hesabla 4,7 dəfə azaldıldığı müəyyən edilib. Bundan əlavə, aksizli malların istehsalı və satışı fəaliyyəti üzrə keçirilmiş vergi nəzarəti tədbirləri zamanı 23,7 min manat məbləğində 2,4 min ədəd saxta aksizli mal, 55,8 min manat məbləğində 16,7 min ədəd aksiz markası olmayan malların satışı halları aşkar olunub.

Keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 312 halda qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və ya keçirilməsi halları aşkar edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilərək məhkəmələrə göndərilib və məhkəmələr tərəfindən tətbiq edilmiş inzibatı cərimələrin miqdarı 439,5 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi