​Vergilər Nazirliyi 90 cinayət işinə xitam verib

​Vergilər Nazirliyi 90 cinayət işinə xitam verib Z.Məmmədzadənin sözlərinə görə, bu cinayət işlərinin hər birində zərərin məbləği 20 min manata qədər olub
Biznes
17 İyun , 2016 11:20
​Vergilər Nazirliyi 90 cinayət işinə xitam verib

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycanda iqtisadi cinayətlərin dekriminalizasiyası ilə bağlı Cinayət Məcəlləsində edilmiş dəyişiklikdən sonra 90 cinayət işinin icraatına xitam verilib. “Report” xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi cinayətlərinin təhlil və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinin rəisi Zeynalabdin Məmmədzadə Vergi Məcəlləsinə son dəyişiklikləri şərh edərkən deyib.

Z.Məmmədzadənin sözlərinə görə, bu cinayət işlərinin hər birində zərərin məbləği 20 min manata qədər olub: “Cinayət Məcəlləsinə edilmiş dəyişiklikdən sonra Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentində istintaqı aparılıb və dəymiş zərərin məbləği 20 min manatadək olan 90 cinayət işinin icraatına Cinayət Prosessual Məcəlləsinin 39-cu maddəsinə əsasən xitam verilib. Lakin bu qəbildən olan cinayət işlərinin icraatına xitam verildikdən sonra borclu vergi ödəyicilərinin dövlət büdcəsindən yayındırdıqları borcları silinmir, onlar buna görə, sadəcə, cinayət məsuliyyəti daşımırlar. Bu isə o deməkdir ki, qanunvericiliyə edilmiş son dəyişiklik vergi ödəyicilərini vergi öhdəliklərindən azad etmir. Bundan sonra həmin borc məbləğləri könüllü şəkildə ödənilmədiyi təqdirdə, onların məcburi qaydada alınması üçün vergi orqanları qüvvədə olan qanunvericiliyə uyğun olaraq müvafiq inzibati tədbirlər görəcək”.

Z.Məmmədzadə qeyd edib ki, hazırda Baş İdarə tərəfindən Vergilər Nazirliyində "elektron cinayət işi"nin yaradılması istiqamətində işlər görülür: “Bu layihə yekunlaşdırıldıqdan sonra cinayət işlərinə nəzarət daha da sadələşəcək, insan resurslarından daha səmərəli istifadə ediləcək, ibtidai araşdırmanın daha intensiv, operativ və obyektiv aparılmasına, habelə vahid kriminalistik elektron uçot bazasının yaradılmasına nail olunacaq”.

Qeyd edək ki, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı Azərbaycan Prezidentinə bir sıra təklifər təqdim etmişdilər. Həmin təkliflər sırasında vergi cinayətləri ilə bağlı məsələyə yenidən baxılması və cinayət alınmalı olan vergidən yayınma məbləğinin 2 min manatdan 20 minə qaldırılması təklifi də olub.

Son xəbərlər

Orphus sistemi