Yuxarı
    Bağlamaq

    Vali: "Dünya bazarına çıxmaq üçün İran Azərbaycanın tranzit imkanlarından istifadə edəcək"

    Qərbi Azərbaycan valisi: Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün potensial böyükdür

    Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrana səfəri zamanı Urmiyada Qərbi Azərbaycan valisi Qurbanəli Səadət Qarabağla görüşüb.

    İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin də iştirak etdiyi görüşdə Azərbaycan-İran iqtisadi əlaqələrinə, xüsusilə də İranın Qərbi Azərbaycan əyaləti ilə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

    Sonra Urmiyada Azərbaycan və İranın Qərbi Azərbaycan vilayətinin rəsmi şəxslərinin, kənd təsərrüfatı, sənaye, maliyyə, İKT, tikinti və s. sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı ilə biznes forumu keçirilib.

    Azərbaycanın İranın Qərbi Azərbaycan vilayəti ilə əlaqələrindən danışan Ş.Mustafayev qeyd edib ki, İranın Qərbi Azərbaycan vilayətinin Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə həmsərhəd olması Naxçıvan Muxtar Respublikası-İran-Türkiyə üçtərəfli əməkdaşlığının inkişafına geniş imkan yaradır: "Urmiyalı sahibkarlar Azərbaycanın imkanlarından yararlanmaqla xarici bazarlara çıxa bilər. Həmçinin, Urmiyadakı Maku Azad Ticarət Zonası ilə əməkdaşlıq yaradıla bilər. Neftçala və ya Masallı sənaye zonalarında texnika üçün servis xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq imkanları mövcuddur. Bundan başqa, Urmiya əyaləti ilə birgə üzüm bağının və kişmiş zavodunun yaradılması, kənd təsərrüfatı məhsullarının birgə istehsalı, o cümlədən alma, şəkər çuğunduru, qarğıdalı, pomidor əkini, xurma konsentratı fabrikinin yaradılması, günəbaxan yağının, balın birgə istehsalı, eləcə də şüşə istehsalı, qablaşdırma sahələrində əlaqələrin qurulması imkanları genişdir. İran tərəfi Azərbaycanın peyklərinin xidmətlərindən istifadə edə bilər".

    M.Vaezi İran-Azərbaycan əlaqələrinin strateji səviyyəyə çatdığını, ölkələrimizi dərin tarixi, dini və mədəni köklərin birləşdirdiyini qeyd edib: "Bütün bunlar ölkələrimiz arasında iqtisadi əməkdaşlğın genişləndirilməsini dəstəkləyir və digər sahələrdə olduğu kimi, iqtisadi əlaqələrimiz də inkişaf edir. Azərbaycanın dövlət başçısının viza rejiminin sadələşdirilməsi barədə bu yaxınlarda imzladığı sərəncam iki ölkə arasında əlaqələri daha da genişləndirəcək. Dünya bazarına çıxmaq üçün İran Azərbaycanın tranzit imkanlarından istifadə edəcək".

    Q.S.Qarabağ xalqlarımızı tarixi köklərin, eyni dinə mənsubluğun bağladığını, Azərbaycan və İran regionları arasında əlaqələrin genişləndiyini, iş adamları arasında əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Azərbaycana bu yaxınlarda səfər etdiyini deyən Qərbi Azərbaycan valisi səfər zamanı Bakıda, Qəbələdə və Naxçıvan Muxtar Respublikasında bir sıra görüşlər keçirdiyini, əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu qeyd edib: "Azərbaycanla turizm, kənd təsərrüfatı, sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensial böyükdür və iş adamları bu imkandan yararlanmalıdır".

    Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun ("Azpromo") rəhbəri Rüfət Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası baş katibinin müavini Vüqar Zeynalov və Urmiya Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının sədri Həsən İntizar çıxış edərək iş adamları arasında əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışıblar.

    Biznes forum çərçivəsində Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Urmiya Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, "Azpromo" və Urmiya Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası arasında əməkdaşlığa dair qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

    Azərbaycan nümayəndə heyəti İranın Qərbi Azərbaycan vilayəti şirkətlərinin istehsal etdiyi məhsulların nümayiş etdirildiyi sərgi ilə tanış olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi