Yuxarı

USAID rəsmisi Azərbaycanda səfərdə olub

​USAID rəsmisi Azərbaycanda səfərdə olub

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun Avropa və Avrasiya üzrə müavininin köməkçisi Aleks Sokolovski Azərbaycana dörd günlük səfərini başa vurub. 

ABŞ-ın Azərbaycandakı Səfirliyindən "Report"a verilən məlumata görə, bu səfər ərzində Aleks Sokolovski Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Kənd təsərrüfatı naziri İnam Kərimov, İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov və Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynovla görüşərək iqtisadiyyatın şaxələndirilməsi və əsas islahatlara dəstək sahəsində USAID və Azərbaycan arasında uğurlu əməkdaşlığı müzakirə edib.

O, oktyabrın 16-da Lənkərana səfər edərək Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Görüşdə yerli kənd təsərrüfatın inkişafına dəstək və qadınlar və gənclər üçün iqtisadi imkanların artırılması sahəsində birgə əməkdaşlıq müzakirə edilib. Daha sonra o, USAID və Beynəlxalq Miqrasiya Təşkilatının dəstək göstərdiyi peşə təlimində iştirak etmiş gənclərlə görüşüb və gənclər üçün məşğulluq imkanlarının genişləndirilməsinə dair onların fikirləri ilə tanış olub. O, həmçinin USAID-in dəstəyi ilə öz sitrus bağını müasirləşdirə və məhsuldarlığı artıra bilmiş qadın sahibkarla, habelə USAID-in əlavə maliyyə dəstəyi ilə yerli sitrus meyvələrinin yararlıq müddətini artırmağa kömək edən soyuducu anbar tikmiş digər sahibkarla da görüşüb. 2014-cü ildən USAID-in Azərbaycanda belə kənd təsərrüfatı müəssisələrinə texniki dəstək qismində 10 mln. ABŞ dolları dəyərində sərmayə 70 mln. dollar dəyərində kənd təsərrüfatı ixracı ilə nəticələnib. 

Oktyabrın 17-də Sokolovski Qubaya səfər edərək Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüşüb. Görüşdə yerli icmaların inkişafına və rayonun kənd təsərrüfatı sektoruna dəstək göstərən USAID-in hazırki layihələrinə dair tərəfdaşlıq müzakirə edilib. O, USAID-in dəstəklədiyi tinglik və arqar təlim mərkəzinə baş çəkib. Həmin mərkəz müxtəlif virussuz tinglərlə təmin edir, habelə yerli fermerlərə məhsuldarlığın artırılmasına dair təlimatlar verir.

Səfər ərzində  Sokolovski beynəlxalq təşkilatlar, digər donorlar, vətəndaş cəmiyyəti və media nümayəndələri ilə görüşüb. 

Qeyd edək ki, o, USAID-in işçisi kimi 2004-cü ildən Azərbaycana bir neçə dəfə səfər edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi