Yuxarı

Türkiyədən Azərbaycana ixrac olunan məhsulların bir qisminin burada istehsal edilməsi təklif olunur

Azərbaycandan Türkiyəyə maraqlı təklif!

“Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsində Hökumətlərarası Komissiya səmərəli platformadır. İnanıram ki, Komissiyanın Bakıda keçirilən 8-ci iclası zamanı müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan Fəaliyyət Planının qəbulu ticarət-iqtisadi münasibətlərimizin gücləndirilməsinə, gələcəkdə yeni birgə layihələrin reallaşdırılmasına öz töhfəsini verəcək”.

“Report”un məlumatına görə, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes-forumunda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıqda ticarət sahəsi əhəmiyyətli yer tutur və Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır: “Hədəfimiz qarşılıqlı ticarət dövriyyəsini daha da artırmaq, onun strukturunu şaxələndirməkdən ibarətdir. İmzalanması planlaşdırılan Preferensial Ticarət Sazişi bu hədəflərin reallaşdırılmasına töhfə verəcək”.

Nazir Türkiyə şirkətlərini Azərbaycandakı sənaye zonalarına - kimya, neft-kimya və əczaçılıq sənayesinə investisiya yatırmağa, habelə Türkiyədən Azərbaycana idxal olunan məhsulların, xüsusilə qida sənayesi, tekstil və elektrotexnika məhsullarının, eləcə də onların ehtiyat hissələrinin bir qisminin Azərbaycanda istehsalı üçün birgə müəssisələr yaratmağa dəvət edib.

Onun sözlərinə görə, bu gün Azərbaycan və Türkiyə digər ölkələr və dünya üçün böyük əhəmiyyət kəsb edən layihələr həyata keçirir, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edir: “Bunlar sırasında Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP, Bakı-Tbilisi-Ərzurum, Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, STAR, PETKİM, Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü kimi strateji layihələrin adlarını çəkmək olar. Bu layihələr və təşəbbüslər bizim gücümüzü artırır, regional əməkdaşlığı möhkəmləndirir və sabitliyi təmin edir. Bundan başqa, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə Azərbaycanın aidiyyəti dövlət qurumları arasında müxtəlif layihələrin icrası üzrə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Əminəm ki, birgə həyata keçirəcəyimiz layihələr bundan sonra da uğurla başa çatdırılacaq”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi