Yuxarı

​Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya işçi qrupunun iclası keçirilib

İclasda investisiya, sənaye, kənd təsərrüfatı, təhsil və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Bakı. 10 noyabr. REPORT.AZ/ Berlində (Almaniya) Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya yüksək səviyyəli işçi qrupunun 5-ci iclası keçirilib.

İclasa Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev və Almaniya Federal İqtisadi Məsələlər və Enerji Nazirliyinin xarici iqtisadi siyasət üzrə baş direktoru Ekard Frans həmsədrlik ediblər.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, iclasda Azərbaycan-Almaniya iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti, işçi qrupunun 4-cü iclasından ötən dövrdə görülən işlər, qarşıdakı dövr üçün müxtəlif sahələrdə, o cümlədən investisiya, sənaye, kənd təsərrüfatı, təhsil və s. əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə qeyd edilib ki, bu gün Azərbaycanda 183 Almaniya şirkəti fəaliyyət göstərir və əsas kapitala 475,5 mln. ABŞ dolları, o cümlədən qeyri-neft sektoruna 345,2 mln. dollar həcmində investisiya qoyulub. Almaniya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı kimi də fəal iştirak edir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 21% artıb.

Azərbaycan tərəfi bu ilin iyun ayında Almaniya Bundestaqının Azərbaycan ilə bağlı qərəzli və qeyri-obyektiv qətnaməsinin iki ölkə arasında əməkdaşlığın inkişafına mənfi təsir göstərdiyi, bəzi alman şirkət və təşkilatlarının Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyəti diqqətə çatdırılıb, həmin şirkətlər haqqında məlumatlar qarşı tərəfə təqdim olunub və onların qanunsuz fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb. Almaniya tərəfi bu məsələnin araşdırılacağını qeyd edib.

Lisenziyaların verilməsində "bir pəncərə" sisteminin tətbiqi və bu əməliyyatın "ASAN Xidmət" mərkəzlərində həyata keçirilməsi, həmçinin tranzit yüklərin daşınması sahəsində vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi məqsədi ilə Tranzit Yükdaşımalar üzrə Əlaqələndirmə Şurasının yaradılması və s. haqqında məlumat verib.

Almaniya tərəfi alman şirkətlərin iqtisadiyyatın bir sıra sahələri üzrə yeni layihələr həyata keçirməkdə maraqlı ola biləcəklərini və müvafiq məlumatların Almaniya-Azərbaycan Xarici Ticarət Palatası vasitəsilə şirkətlərə çatdırılacağını bildirib.

Xatırladaq ki, Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya yüksək səviyyəli işçi qrupu 2011-ci ildə yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi