Ticarət Palatasının rəhbəri: "İsveçrə şirkətləri Azərbaycan iqtisadiyyatının infrastruktur, nəqliyyat və IT kimi sahələrinə maraq göstərirlər"

Ticarət Palatasının rəhbəri: "İsveçrə şirkətləri Azərbaycan iqtisadiyyatının infrastruktur, nəqliyyat və IT kimi sahələrinə maraq göstərirlər" "Azərbaycanın neft və qazdan asılılığını azaltmaq strategiyası isveçrəli investorlar üçün yeni biznes imkanlarının yaranması anlamına gəlir"
Biznes
11 İyul , 2016 16:14
Ticarət Palatasının rəhbəri: İsveçrə şirkətləri Azərbaycan iqtisadiyyatının infrastruktur, nəqliyyat və IT kimi sahələrinə maraq göstərirlər

Bern. 11 iyul. REPORT.AZ/ "Azərbaycanın neft və qazdan asılılığını azaltmaq strategiyası isveçrəli investorlar üçün müxtəlif sahələrdə, o cümlədən infrastruktur, bankçılıq, İKT, yüngül və yeyinti sənayesi, təmiz texnologiya sferalarında yeni biznes imkanlarının yaranması anlamına gəlir".

Bunu "Report"un İsveçrə bürosunun müxbirinə açıqlamasında İsveçrə-MDB birgə Ticarət Palatasının direktoru Dorit Sallis deyib.

Onun sözlərinə görə, İsveçrə şirkətləri Azərbaycan iqtisadiyyatının infrastruktur, nəqliyyat və telekommunikasiya kimi sahələrinə maraq göstərirlər. 

Azərbaycan-İsveçrə iqtisadi əməkdaşlığının geniş inkişaf perspektivləri mövcuddur. 

Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya çatıdıracaq Trans-Adriatik boru kəməri layihəsində də İsveçrənin iştirakı mövcuddur.

Azərbaycan Cənubi Qafqazda İsveçrənin ən əhəmiyyətli ticarət tərəfdaşıdır. Azərbaycanın iqtisadi strukturunun diversifikasiyası ikitərəfli ticarət və əməkdaşlıq üçün yeni imkanlar yaradır.

İsveçrə və Azərbaycan arasında münasibətlər energetika siyasəti, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq, inkişaf üzrə əməkdaşlıq kimi bir neçə özəyə əsaslanır. İki ölkə arasında ticarət dövriyyəsi sabit şəkildə artır.

İsveçrə Azərbaycanda 10 ən böyük investordan biridir, çoxlu sayda İsveçrə şirkəti (ABB, "StadlerRail", "Glencore", "Holcim", "Novartis", "Panalpina", "Roche", "Schindler", "Sika", "Sulzer" və s.) hazırda Azərbaycanda fəaliyyət göstərir. Onların Azərbaycanda öz nümayəndəlikləri, istehsal xətləri və ya təxminən 800 iş yerinin yaradılmasına səbəb olan birgə müəssisələri mövcuddur.

Azərbaycan isə biznesin aparılması məkanı kimi İsveçrəyə marağı artırır. Azərbaycan hökuməti İsveçrəni Avropa İttifaqına keçid üçün qapı kimi görür. Azərbaycan Dövlət Neft Şirkəti SOCAR İsveçrədə fəaliyyət göstərir. 2012-ci ilin iyulunda "SOCAR Energy" "ESSO Switzerland" şirkətinin 160 yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkəsini alaraq ondan SOCAR brendi altında istifadə edir. SOCAR-ın marketinq və inkişaf üzrə beynəlxalq filialı olan "SOCAR Trading"in Cenevrədə mənzil-qərargahı var.

Statistika İsveçrə və Azərbaycan iqtisadiyyatının güclü sənaye tərəfinin olduğunu və onların bir-birini tamamladığını göstərir. Ümumdünya Ticarət Təşkilatında üzvlük və ya enerji resursları təchizatında və infrastruktur sahəsində uğurlu biznes layihə qarşılıqlı etimad mühitini daha da yaxşılaşdıra və ikitərəfli ticarət, investisiya və əməkdaşlıq üçün böyük potensialdan daha effektiv istifadə etməyə yardım edə bilər.

"Azərbaycanın tanınmış şirkətlərinin ölkə xaricində fəaliyyət göstərməsiylə fəxr edirəm", - deyə Azərbaycanın Dostları Assosiasiyasının sədri və İsveçrədə Azərbaycan diasporunun koordinatoru Arzu Əliyeva "Report"a bildirib. O əlavə edib: "Azərbaycan və İsveçrənin vəziyyətinə gəlincə, iki ölkə arasında artan iqtisadi əlaqələrə, məsələn, mədəniyyət kimi digər sahələrdə əməkdaşlıq imkanlarının açılmasına heyranam".

Son xəbərlər

Orphus sistemi