​Təbrizdə İran-Azərbaycan biznes-forumu keçirilib

​Təbrizdə İran-Azərbaycan biznes-forumu keçirilib Biznes forumda 150-dən çox iş adamı iştirak edib
Biznes
23 Dekabr , 2015 15:00
​Təbrizdə İran-Azərbaycan biznes-forumu keçirilib

Bakı. 23 dekabr. REPORT.AZ/ İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslər və iş adamlarından ibarət nümayəndə heyətinin İrana səfəri çərçivəsində Təbriz şəhərində İran-Azərbaycan biznes-forumu keçirilib. “Report” nazirliyə istinadən xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və İranın müvafiq qurumlarının təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, qida sənayesi, maliyyə, konsaltinq, turizm və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak ediblər.

Forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev iki ölkələr arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu deyib: “Dövlət başçılarının siyasi iradəsi əməkdaşlığın inkişafında xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində energetika, nəqliyyat və digər sahələrdə mühüm razılıqlar əldə edilib. Şimal-Cənub nəqliyyat dəhlizi, Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin fasiləsiz iş rejiminə keçirilməsi işlərinin intensivləşdirilməsi barədə razılıqlar ölkələrimizin tranzit potensialından daha səmərəli istifadə olunmasına imkan yaradacaq”.

Ş.Mustafayev vurğulayıb ki, Azərbaycanın Qazaxıstanın Aktau şəhərində inşa etdiyi logistika mərkəzindən İran tərəfi də istifadə edə bilər. Nazir Azərbaycanda yaradılmaqda olan sənaye parkları və aqroparklarda İran investorlarının fəaliyyəti üçün əlverişli imkanların olduğunu deyib.

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi son zamanlar iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində və iş adamlarının əməkdaşlığına dair razılıqlar əldə olunduğunu qeyd edib.

Biznes-forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər də təşkil olunub.

Son xəbərlər

Orphus sistemi