​Tarif Şurası iyunun sonuna qədər bütün dərman vasitələrini qiymətləndirəcək

​Tarif Şurası iyunun sonuna qədər bütün dərman vasitələrini qiymətləndirəcək Təsdiq olunmuş qiymətləri qüvvəyə minmiş dərman vasitələri ölkə ərazisində bütün apteklərdə tənzimlənmiş qiymətlərlə satılmalıdır
Biznes
12 May , 2016 11:22
​Tarif Şurası iyunun sonuna qədər bütün dərman vasitələrini qiymətləndirəcək

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycanda 10 mindən çox dərman vasitəsi dövlət qeydiyyatına alınıb ki, indiyədək Tarif (qiymət) Şurası tərəfindən həmin dərman vasitələrindən 7 075-nin qiyməti təsdiq edilib. Bu barədə “Report”a Şuradan məlumat verilib.

Həmin dərmanlardan 5 741-nin qiymətləri qüvvəyə minib və hazırda apteklərdə onların satışı təsdiq edilmiş qiymətlərlə həyata keçirilir. Qiymətləri təsdiqlənmiş digər 1 334 dərman vasitəsinin yeni qiymətləri isə iyun ayının 1-dən qüvvəyə minəcək.

Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qalan hissəsinin qiymətlərinin tənzimlənməsinin iyun ayının sonunadək başa çatdırılacağı açıqlanıb.

Qiymətləri təsdiq edilmiş dərman vasitələrinin, qüvvəyə minmə tarixi də göstərilməklə həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib, bir sıra kütləvi informasiya vasitələrində dərc edilib. Bu siyahı qiymətlər təsdiqləndikcə yenilənir.

Qurum bəyan edir ki, təsdiq olunmuş qiymətləri qüvvəyə minmiş dərman vasitələri ölkə ərazisində bütün apteklərdə tənzimlənmiş qiymətlərlə satılmalıdır.

Qeyd olunanları nəzərə alaraq, istehlakçılara qiymətləri təsdiq edilmiş dərman vasitələrinin fərqli qiymətə satılması halı ilə qarşılaşdıqda İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi