Yuxarı

SKMF Suraxanı rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

Sahibkarlar artıq bu gündən investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə Fonda müraciət edə bilərlər

Bakı. 2 aprel. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakı şəhərinin Suraxanı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” Nazirliyin məlumatına istinadən xəbər verir ki, bu yaxınlarda rayonda keçirilən işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Fond tərəfindən Suraxanı rayonu üzrə sahibkarlıq subyektlərindən ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması, ət kəsimi müəssisəsinin yaradılması, istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması, plastik qapı-pəncərə, üzlük daş və corab istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflər qəbul edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilər.

Qeyd edək ki, SKMF martın 30-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi