SKMF Lənkəranda işgüzar forum keçirib

SKMF Lənkəranda işgüzar forum keçirib Forum çərçivəsində Lənkəran və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara 491 min manat güzəştli kredit verilib
Biznes
3 Noyabr , 2016 18:49
SKMF Lənkəranda işgüzar forum keçirib

Bakı. 3 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün Lənkəran rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirib.

“Report”a nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, forumda rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan ixtisaslaşdırılan “yaşıl market”in, müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik, çayçılıq və intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Forumda çıxış edən SKMF-nın icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, bugünədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3 minə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 223,7 milyon manat güzəştli kredit verilib: “Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, mebel, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, istixana, çayçılıq, üzümçülük təsərrüfatlarının, yem zavodunun yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib”.

İşgüzar forum çərçivəsində Lənkəran və ətraf rayonlarda fəaliyyət göstərən 47 sahibkara 491 min manat güzəştli kredit verilib. Bu kreditlər heyvandarlıq, arıçılıq, bağçılıq, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək və 60-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək. Eyni zamanda tədbir çərçivəsində rayonda güzəştli kredit ayrılan intensiv bağçılıq təsərrüfatlarına baxış keçirilib.

Ümumiyyətlə, son illər müasir texnologiyaların tətbiqi ilə 1856 ha ərazidə 22 bağçılıq və tingçilik təsərrüfatlarının maliyyələşdirilməsinə 27,5 milyon manat güzəştli kredit verilib.

Son xəbərlər

Orphus sistemi