SKMF Cəlilabadda sahibkarlara güzəştli kreditlər verib

SKMF Cəlilabadda sahibkarlara güzəştli kreditlər verib Forum çərçivəsində Cəlilabad və ətraf rayonlardan olan 56 sahibkara 538 min manat güzəştli kredit verilib
Biznes
2 Sentyabr , 2016 20:10
SKMF Cəlilabadda sahibkarlara güzəştli kreditlər verib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Cəlilabadda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə 100-dən çox sahibkar iştirak edib.

Forum çərçivəsində rayonun iqtisadi potensialına uyğun olaraq ixtisaslaşdırılan “yaşıl market”, südlük istiqamətli müasir heyvandarlıq, intensiv kartofçuluq və üzümçülük təsərrüfatlarının, çiyələk emalı, üzümqurutma və şirniyyat məhsulları istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Fondun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, ötən dövr ərzində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 938 investisiya layihəsinin maliyyələşdirilməsinə 106 mln. manat güzəştli kreditlər verilib: “Verilən güzəştli kreditlər hesabına 11 600-ə yaxın yeni iş yerinin yaradılması imkanı yaranıb. Bu ilin ötən dövrü ərzində Azərbaycan üzrə 1 700 sahibkara 99 mln. manatlıq güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 5 000-dən çox yeni iş yeri yaradılacaq. Bugünədək Cəlilabad rayonundan olan 604 sahibkar Fonddan 22,5 mln. manat güzəştli kredit alıb. Bu kreditlər hesabına 3 100 yeni iş yeri yaradılıb”.

İşgüzar forum çərçivəsində Cəlilabad və ətraf rayonlardan olan 56 sahibkara 538 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 70 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Eyni zamanda forum çərçivəsində Fond vasitəsilə dövlətin güzəştli kreditləri ayrılan Cəlilabad rayonu ərazisində üzümçülük təsərrüfatına baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi