​SKMF Ağsuda işgüzar forum keçirib

​SKMF Ağsuda işgüzar forum keçirib Forumda 80-ə yaxın sahibkar iştirak edib
Biznes
9 İyun , 2016 19:11
​SKMF Ağsuda işgüzar forum keçirib

Bakı. 9 iyun. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu gün sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Ağsu rayonunun Muradlı kəndində keçirib. 

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Ağsuda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Forumda 80-ə yaxın sahibkar iştirak edib. Ağsu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə forumda prioritet hesab olunan intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, pendir istehsalı və meyvə emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Forumda çıxış edən Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 1100-ə yaxın sahibkara 57,3 mln. manat güzəştli kredit verilib: “Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, bugünədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1800-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 64,3 mln. manat güzəştli kredit verilib”.

İşgüzar forum çərçivəsində Ağsu və ətraf rayonlardan olan 51 sahibkar 371 min manat güzəştli kredit alıb. Kreditlər əsasən heyvandarlıq, kartofçuluq, bağçılıq, arıçılıq sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində güzəştli kreditlərdən istifadə etməklə Ağsunun Gəgəli kəndində 2000 ha ərazidə yaradılan iri fermer təsərrüfatına baxış keçirilib.

Qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən, 19 rayonda 40 min hektardan çox sahədə 30 iri fermer təsərrüfatı yaradılır. Bu təsərrüfatların yaradılmasına 72,4 mln. manat güzəştli kredit verilib. Hazırda təsərrüfatlarda biçinə hazırlıq işləri aparılır.

Son xəbərlər

Orphus sistemi