Bakı. 15 mart. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda sənayenin inkişafına dair Dövlət Proqramına (2015-2020-ci illər) uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair treninq keçirilib.
Nazirliyin mətbuat xidmətindən “Report”a bildirilib ki, “Müşahidə Şurası” mövzusunda təşkil olunan tədbirdə müvafiq dövlət qurumları və 30-a yaxın sənaye müəssisəsinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən nazirliyin korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə Müşahidə Şurasının səlahiyyətləri, strukturu və komitələri, eyni zamanda Şura üzvlərinin hüquq və vəzifələri barədə məlumat verib, Şuranın tərkibində fəaliyyət göstərən müstəqil direktorların hüquqi statusu və onların Şuranın fəaliyyətində rolunu diqqətə çatdırıb.
Təlimdə Müşahidə Şurası institutunun yaradılmasında mövcud beynəlxalq təcrübəyə dair fikir mübadiləsi aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı nazirlik tərəfindən 8 mövzu üzrə treninqlərin keçirilməsi nəzərdə tutulur.