Şəmkirdə ixrac imkanlarına dair konfrans keçirilib

Şəmkirdə ixrac imkanlarına dair konfrans keçirilib İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verib
Biznes
6 Dekabr , 2016 19:55
Şəmkirdə ixrac imkanlarına dair konfrans keçirilib

Bakı. 6 dekabr. REPORT.AZ/ Şəmkirdə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin və sahibkarların iştirakı ilə "Regionların inkişafı və ixrac sahəsində yaranmış yeni imkanlar" mövzusunda Konfrans keçirilib. 

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verib.

Nazir müavini deyib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayının azaldılması, sahibkarlara investisiya təşviqi sənədinin verilməsi, sahibkarların hüquqlarının daha da gücləndirilməsi ilə bağlı Apelyasiya Şuralarının yaradılması, yerli istehsalın dəstəklənməsi və ixracın təşviqi üçün tədbirlərin həyata keçirilməsi, regionlarda ailə təsərrüfatlarına dəstək məqsədi ilə "ABAD" mərkəzlərinin yaradılması ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Diqqətə çatdırılıb ki, bu gün keçirilən tədbir çərçivəsində nümayiş olunan rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda "Made in Azerbaijan" brendi ilə təşviqi istiqamətində İqtisadiyyat Nazirliyi və AZPROMO tərəfindən kompleks tədbirlər görülür.

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sahibkarlığın inkişafı ilə bağlı rayonda görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib.

Konfransda həmçinin, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Ərzaq məhsullarının tədarükü və təchizati" ASC, beynəlxalq biznes assosiasiyaları və yerli şirkətlərin nümayəndələrinin təqdimatları dinlənilib.

Sahibkarlarla kənd təsərrüfatı məhsullarının istehsalı və emalının stimullaşdırılması, qeyri-neft məhsullarının ixracının artırılması, ərzaq məhsullarının keyfiyyətinin yaxşılaşdırılması, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınması istiqamətində görülən tədbirlər barədə müzakirələr aparılıb.

Sonra tədbir iştirakçıları regionlarda fəaliyyət göstərən və ixracyönümlü məhsul istehsal edən 30-a yaxın şirkətin iştirakı ilə təşkil olunmuş sərgi ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi