Səfir: "Azərbaycan şirkətləri Xarkov vilayətinə sərmayə yatırmaqda maraqlıdır"

Səfir: "Azərbaycan şirkətləri Xarkov vilayətinə sərmayə yatırmaqda maraqlıdır" Azərbaycanın biznes nümayəndə heyəti konkret layihələri müzakirə etmək üçün Xarkova səfər edəcək
Biznes
22 Dekabr , 2016 12:06
Səfir: Azərbaycan şirkətləri Xarkov vilayətinə sərmayə yatırmaqda maraqlıdır

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan şirkətləri Ukraynanın Xarkov vilayəti ərazisində infrastruktur layihələrinin həyata keçirilməsinə hazırdır.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Xarkov Vilayət Dövlət Administrasiyasının (XVDA) sədri Yuliya Svetliçhnaya ilə görüşdə bildirib.

Tərkibinə Ukrayna və Xarkov vilayətindəki diaspor nümayəndələrinin daxil olduğu Azərbaycan nümayəndə heyəti XVDA sədri ilə regionlararası əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə edib.

"Regionunuzun böyük potensialı var. Xarkov bizim üçün prioritet əhəmiyyətə malikdir. Hazırda bir neçə Azərbaycan şirkətində maraq var. Onlar özlərini sizin infrastruktur layihələrində, iri obyektlərin, o cümlədən hotel və yaşayış komplekslərinin tikintisində görürlər. Azərbaycan şirkətləri Xarkov vilayətinə sərmayə yatırmaqda maraqlıdır", - deyə A.Xudiyev vurğulayıb.

Öz növbəsində, Y.Svetliçnaya Xarkovun "Elektrotyajmaş" zavodunun Azərbaycana elektrik mühərrikləri, generatorlar və elektrik avadanlıqları tədarük etməkdə maraqlı olduğunu, "FED" maşınqayırma zavodunun isə Azərbaycanın aviaşirkətləri və hava qüvvələri ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

"Sənaye sahəsində əməkdaşlığa hazırıq. Xarkov Vilayət Dövlət Administrasiyasının başçısı kimi şəxsən özüm azərbaycanlı sərmayədarların regionumuzda biznes fəaliyyətini qanunvericiliyə uyğun və təhlükəsiz şəkildə qurmasının təminatçısı olacağam", - xanım vilayət başçısı deyib.

Y.Svetliçnaya Xarkov vilayəti və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq yaradıldığını qeyd edib.

"Azərbaycan vətəndaşları Xarkov vilayətinin 28 ali təhsil müəssisəsində təhsil alır. Ümumilikdə regionda təxminən 3000 azərbaycanlı təhsil alır", - o əlavə edib.

Tərəflər Azərbaycanın biznes nümayəndə heyətinin konkret layihələri müzakirə etmək üçün Xarkova səfər edəcəyi ilə bağlı razılığa gəlib.

Son xəbərlər

Orphus sistemi