​Saxta malların aşkar edilməsi mövzusunda konfrans keçirilib

​Saxta malların aşkar edilməsi mövzusunda konfrans keçirilib Konfrans saxta malların aşkarlanması üzrə treninqlə başa çatıb
Biznes
10 Avqust , 2016 21:24
​Saxta malların aşkar edilməsi mövzusunda konfrans keçirilib

Bakı. 10 avqust. REPORT.AZ/  Bakı şəhərindəki “Four Seasons” mehmanxanasında avqustun 10-da saxta malların aşkar edilməsi və bu sahədə mübarizə məsələlərinə həsr olunmuş konfrans keçirilib.

Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Procter & Gamble Azərbaycan Xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkil etdiyi tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları iştirak edib.

Konfransın açılış mərasimində Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisinin birinci müavini Rauf Məmmədov bütün dünyada aktual məsələlərdən biri olan saxta mallar probleminə toxunub. Bundan əlavə, Azərbaycanda saxta mallara qarşı mübarizə tədbirlərinin daha da səmərəli aparılması üçün ilk növbədə bu sahəni tənzimləyən beynəlxalq və milli qanunvericilik haqqında məlumat verilib.

Eyni zamanda bildirildi ki, qeyd olunan sahədə yaranan problemlərin daha çevik və səmərəli şəkildə qarşısının alınmasında bu cür qarşılıqlı əməkdaşlıq daha da əlverişli əsas yaradır.

“Procter & Gamble Azərbaycan Xidmətləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Tayqun Günay şirkətin dünyada saxta mallara qarşı apardığı mübarizədən danışıb, gələcəkdə də belə tədbirlərin keçirilməsini dəstəkləmək niyyətində olduqlarını söyləyib. DGK-nın saxta mallara qarşı mübarizə işinə töhfə verdiklərinə görə məmnun olduğunu bildirən şirkətin direktoru bu konfransın bütün tərəflər üçün faydalı olacağını vurğulayıb.

Sonra saxta mallarla mübarizəyə dair “Procter & Gamble” şirkətinin dünya təcrübəsi barədə şirkətin regional mütəxəssisi Denis Kraxmalovun məruzəsi dinlənilib. Məruzədə dünya praktikasından misallar gətirilərək beynəlxalq səviyyədə aşkarlanan qaçaqmalçılıq kanalları, üsulları və faktları barədə ətraflı məlumat verilib.

Konfrans saxta malların aşkarlanması üzrə treninqlə başa çatıb.

Son xəbərlər

Orphus sistemi