Azərbaycanda dövlət satınalmalarında şəffaflığa nəzarətin gücləndirilməsi təklif edilir

Azərbaycanda dövlət satınalmalarında şəffaflığa nəzarətin gücləndirilməsi təklif edilir Azərbaycanda korrupsiya riski yüksək olan sahələrdən biri də dövlət satınalmalarıdır. Bu sahədə kifayət qədər ciddi qanun pozuntuları baş verir. Şəffaflıq və hesabatlılığın artırılması, qanunvericiliyin təkmilləşdirilməsi, İKT-dən daha geniş miqyasda istifadə olunması və yeni antikorrupsiya alətlərinin, qabaqcıl dünya təcrübəsinin tətbiq edilməsinə ciddi ehtiyac var.
Biznes
2 İyun , 2020 18:11
Azərbaycanda dövlət satınalmalarında şəffaflığa nəzarətin gücləndirilməsi təklif edilir

"Azərbaycanda korrupsiya riski yüksək olan sahələrdən biri də dövlət satınalmalarıdır. Bu sahədə kifayət qədər ciddi qanun pozuntuları baş verir. Şəffaflıq və hesabatlılığın artırılması, qanunvericiliyin təkmilləşdirilməsi, İKT-dən daha geniş miqyasda istifadə olunması və yeni antikorrupsiya alətlərinin, qabaqcıl dünya təcrübəsinin tətbiq edilməsinə ciddi ehtiyac var".

Bunu “Report”a açıqlamasında "Şəffaflıq Azərbaycan” - Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Əliməmməd Nuriyev deyib. 

Onun sözlərinə görə, Azərbaycanda bu sahədə islahatların davam etdirilməsi və dərinləşməsi zəruridir: “2018-ci ildə "Dövlət satınalmaları haqqında" Qanuna edilən dəyişikliyə əsasən, satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilməsi nəzərdə tutulub. Bu səbəblə "Dövlət satınalmalarının vahid elektron portalı" yaradılıb. Açıq tenderin elektron satınalma vasitəsi ilə həyata keçirilməsi dövlət satınalmaları sahəsində şəffaflığın və düzgün rəqabətliliyin artırılmasına, mikro, kiçik və orta sahibkarlar üçün əlverişli biznes şəraitinin yaradılmasına əhəmiyyətli töhfədir. Lakin bu dövlət satınalmaları sektorunda mövcud problemlərin həlli üçün yetərli deyil. Bu sahədə korrupsiya hallarının aradan qaldırılması, şəffaflıq və hesabatlılığın təmin edilməsi üçün daha miqyaslı islahatlara, daha ciddi təşəbbüs və addımlara ehtiyac var. Mövcud problemlərin həlli üçün, ümumiyyətlə, dövlət satınalmaları sahəsində yeni yanaşma, innovasiyalar tətbiq olunmalıdır. Bütövlükdə indiki sistem, qanunvericilik bazası və mexanizmlər şəffaflıq və hesabatlılığ, korrupsiya hallarına qarşı effektiv mübarizəni təmin edə bilmir”.

Ə.Nuriyev qeyd edib ki, Hesablama Palatasına (HP) satınalan qurumlar tərəfindən təqdim edilən hesabatlara əsasən ümumilikdə 514,4 milyon manat dəyərində 1 147 satınalma müqaviləsi internet portalın “bağlanmış müqavilələr haqqında məlumat” bölməsində yerləşdirilməyib: “Palatanın məlumatına əsasən 2018-ci ildə satınalan təşkilatlar tərəfindən 8 964 müsabiqə əsaslı satınalma keçirilib. Lakin dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) 5 463 satınalma müqaviləsi barədə məlumat yerləşdirilib. Hesablama Palatasının 2019-cu ildə dövlət orqanlarında aparılmış yoxlamalarla bağlı hesbatında qeyd olunur ki, əvvəlki illərdə olduğu kimi əsas pozuntuların qeydə alındığı sahələrdən biri dövlət satınalmaları qeyd olunub. Bu Hesabatda açıq şəkildə qeyd edilib ki, dövlət vəsaitlərinə nəzarət, ilk növbədə, dövlət satınalmalarının şəffaf keçirilməsinə və dövlət əmlakından səmərəli istifadəsinə nəzarətin təşkilindən keçir. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin aparıdığı araşdırmalar deməyə əsas verir ki, daha çox rast gəlinən qanun pozuntuları satınalama planlarının hamısının və vaxtında açıqlanmaması, maraqlar toqquşması hallarının geniş yayılması, müxtəlif çeşid xidmətlər və malların satınalınması zamanı eyni şirkət və yaxud şirkətlərin qalib gəlməsi, bir dövlət qurumunun tenderlərininin böyük hissəsinin konkret şirkət, yaxud şirkətlər qrupunun udması, bir çox hallarda tender qaliblərinin təcrübə və ixtisaslaşma meyarlarına cavab verməməsi, milyonlarla manat dəyərində tenderlərdə qalib gələn şirkətlər haqqında adi məlumatların belə olmamasıdır. Həmçinin qalib şirkətlərin gerçək sahiblərinin dolayısıyla satınalan dövlət qurumlarının rəhbərlərinin yaxın qohumlarının olması ilə bağlı da çoxsaylı faktlar var. Bunlar tipik qanun pozuntularıdır, bunlarla yanaşı qanunvericiliyin tələblərinin pozulması, olduğu kimi tətbiq edilməməsi, süni şəkildə imtiyaz və güzəşətlərin tətbiqi, effektiv appelyasya mexanizmlərinin olmamasını da vurğulamaq olar".

“Şəffaflıq Azərbaycan” təşkilatı hazırda ABŞ Beynəlxalq İnkişafının, German Marşal Fondunun dəstəyi ilə “Azərbaycanda dövlət satınalmalarının təkmilləşdirilməsi” layihəsini həyata keçirir. Layihənin məqsədi dövlət satınalmaları sektorunda problemlərin aşakarlanması və hökumət üçün islahat gündəliyinin formalaşıdırılmasıdır. Hazırda beynəlxaq təcrübə öyrənilib, beynəlxalq təşkilatların tövsiyyələri, prinsipləri ilə Azərbaycandakı mövcud praktika müqayisə edilib, milli qanunvericilik təhlil edilib, elektron satınalma portalı monitorinq edilib. Karantin tədbirləri layihə fəaliyyətlərində ləngitmə yaratdı, yaxın vaxtlarda mikro və orta sahibkarlıq subyektləri arasında sorğu keçirmək niyyətindəyik. Daha sonra Tədqiqat hesabatı və təkliflər hökumətə, İqtisadiyyat Nazirliyinə təqdim ediləcək, həmçinin ictimai müzakirələr keçiriləcək.

Əminəm ki, bu araşdırmaların nəticələri və təkliflər dövlət satınalmaları sahəsində mövcud problemləri daha qabarıq və aydın şəkildə görməyə imkan verəcək, sistem islahatlarına olan ehtiyacı bir daha gündəliyə gətirəcək, eyni zamanda yeni yanaşma və təşəbbüslərin tətbiqinə kömək edəcək”, - Ə.Nuriyev əlavə edib.

Son xəbərlər

Orphus sistemi