Yuxarı

Samir Şərifov: G20 çərçivəsində dünya iqtisadiyyatının idarə olunmasına dair səmərəli fikir mübadiləsi aparılıb

Türkiyənin Baş naziri Əhməd Davudoğlu toplantıda çıxış edib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Ankarada Türkiyənin sədrliyi ilə fəaliyyət göstərən G20 (Böyük İyirmilik) qrupunun üzvü olan və dəvət edilən ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iki gün davam edən toplantısı başa çatıb.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu toplantıda çıxış edib.

Azərbaycanın xüsusi dəvətli qonaq statusunda təmsil olunduğu qurumun bu iclasında ölkəmizi maliyyə naziri Samir Şərifov təmsil edib.

Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə qurumlarının rəhbərlərinin də qatıldıqları toplantı çərçivəsində keçirilən “Beynəlxalq maliyyə arxitekturası”, “Maliyyə tənzimlənməsi”, “Beynəlxalq vergi problemləri” və digər mövzuları əhatə edən sessiyalarda qlobal iqtisadiyyat, dayanıqlı və tarazlaşdırılmış inkişaf strategiyaları, investisiya və infrastruktur, maliyyə bazarlarının tənzimlənməsi, beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

G20-də xüsusi dəvətli qonaq statusunda təmsilçiliyin Azərbaycan üçün əhəmiyyətli olduğunu diqqətə çatdıran nazir Samir Şərifov AZƏRTAC-a müsahibəsində bildirib ki, maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantılarında dünya iqtisadiyyatının idarə edilməsinə dair səmərəli fikir mübadiləsi aparılıb. Nazir bildirib ki, iki gün davam edən görüşlərdə dünyada maliyyə sabitliyinin, qlobal iqtisadi dirçəlişin və artımın təmin edilməsi, beynəlxalq ticarətin təşkili kimi məsələlər müzakirə olunub. “Güman edirik ki, qəbul edilən qərarlar, müzakirə olunan məsələlərə dair göstərilən həll yolları dünyada iqtisadiyyatın artımının təmin olunmasına, vergi məsələləri və beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə töhfə olacaq” – deyə nazir vurğulayıb.

Qeyd etmək lazımdır ki, Türkiyənin sədrliyi ilə G20 qrupunun ayrı-ayrı sahələri əhatə edən toplantıları Böyük İyirmilik ölkələri dövlət başçılarının bu ilin noyabrında Antalya şəhərində keçirilməsi nəzərdə tutulan Zirvə görüşünə hazırlıq məqsədi daşıyır.

Türkiyədən sonra G20–yə sədrlik Çin Xalq Respublikasına keçəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi