​Şamaxıda sahibkarlara 563 min manatdan çox kredit ayrılıb

​Şamaxıda sahibkarlara 563 min manatdan çox kredit ayrılıb Kreditlər əsasən taxılçılıq, üzümçülük, heyvandarlıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcək
Biznes
15 Oktyabr , 2015 15:51
​Şamaxıda sahibkarlara 563 min manatdan çox kredit ayrılıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Oktyabrın 15-də Şamaxı rayonunun Muğanlı kəndində Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum keçirilib. Bu barədə "Report"a İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İşgüzar forumun keçirilməsində məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatın verilməsi, Şamaxıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

Ümumilikdə, 80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şamaxı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının, üzümçülük və arıçılıq təsərrüfatlarının, pendir istehsalı, ət kəsimi, şirniyyat məhsulları və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev forum iştirakçılarına 2015-ci ilin ötən dövrü ərzində 4400-dən çox sahibkara 166 milyon manat güzəştli kredit verildiyini bildirib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılmasının 10 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verdiyi deyilir. İndiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1707 investisiya layihəsinin maliyyələşdirilməsinə 58,4 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı komplekslərinin, ixtisaslaşdırılmış “yaşıl market”in, iri fermer təsərrüfatlarının, quşçuluq fabrikinin, müasir heyvandarlıq komplekslərinin, çörək zavodunun, tikinti materiallarının istehsalı müəssisəsinin, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində Şamaxı və ətraf rayonlardan olan 60 sahibkara 563 min manat güzəştli kredit verilib. Qurum, verilmiş kreditlər əsasən, taxılçılıq, üzümçülük, heyvandarlıq, arıçılıq və s. sahələrin inkişafına yönəldiləcəyini açıqlayıb.

Forum çərçivəsində Şamaxı rayonunun Hacıqədirli kəndində güzəştli kreditlər hesabına 250 ha sahədə salınmış intensiv bağçılıq, Çarhan kəndində 73 ha sahədə intensiv üzümçülük təsərrüfatlarına baxış keçirilib. Ümumilikdə, son illər Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2788 ha ərazidə 39 intensiv bağçılıq, tingçilik və üzümçülük təsərrüfatlarının yaradılmasına 39,4 milyon manat güzəştli kredit verilib.

Son xəbərlər

Orphus sistemi