Yuxarı

Şamaxıda “KOB Dostu” fəaliyyətə başlayıb - YENİLƏNİB

Şamaxıda “KOB Dostu” fəaliyyətə başlayıb

İlk xəbər saat 10:51-də verilib

Bu gün Şamaxıda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sayca 14-cü “Kiçik və Orta Biznesin Dostu” - “KOB Dostu” fəaliyyətə başlayıb.

“Report”un məlumatına görə, bununla bağlı Şamaxıda fəaliyyət göstərən sahibkarların və dövlət qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Prezidentinin “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun olaraq, kiçik və orta biznesin inkişafı, KOB-lara göstərilən dəstək tədbirləri, eləcə də Agentliyin fəaliyyəti barədə məlumat verib.

Vurğulanıb ki, “KOB Dostu” mexanizmi Agentliyin kiçik və orta sahibkarlara mühüm dəstək mexanizmlərindəndir və 2018-ci ilin sentyabrından etibarən tətbiq olunur: “Şamaxı rayonu da daxil olmaqla artıq KOB dostları ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərir. KOB dostları mikro, kiçik və orta sahibkarların təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafı, KOB-ların hüquqlarının müdafiəsi kimi istiqamətlərdə sahibkarlara informasiya, məsləhət, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə, təlim-tədris və digər xidmətlər göstərir.

Ölkənin kənd təsərrüfatı və turizm rayonlarından olan Şamaxının kiçik və orta biznesin inkişafı baxımından böyük potensiala malik olduğunu qeyd edən O. Məmmədov bu iqtisadi potensialın yeni KOB-ların yaradılması və inkişafı üçün KOB dostları vasitəsilə reallaşdırılacağını bildirib. Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən KOBİA rəhbəri ölkənin digər şəhər və rayonlarında da KOB dostlarının fəaliyyət göstərəcəyini bildirib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlət başçısının uğurlu sosial-iqtisadi siyasəti nəticəsində regionların inkişaf etdiyini, bölgələrdə bütün sahələrin, o cümlədən sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi üçün əlverişli imkanların yaradıldığını bildirib. Qeyd olunub ki, Dağlıq Şirvan iqtisadi rayonu üzrə Şamaxıda fəaliyyətə başlayan ilk “KOB Dostu” sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün faydalı olacaqdır.

Sonra “KOB Dostu” konsepsiyası ilə bağlı təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Tədbir iştirakçıları həmçinin, Şamaxı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində “KOB Dostu” ofisi ilə tanış olublar. “KOB Dostu” ofisində sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Burada “KOB könüllüləri” də fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi