Yuxarı

Şahin Mustafayev: "Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir"

Nazir: İki ölkə arasında ticari və iqtisadi iş birliyi möhkəm zəmin üzərində qurulub

Bakı. 26 iyul. REPORT.AZ/ Azərbaycanla Türkiyə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. 

"Report" xəbər verir ki, bunu “Anadolu” Agentliyinə müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, iki ölkə arasında ticari və iqtisadi iş birliyi möhkəm zəmin üzərində qurulub: “Eyni zamanda hər iki ölkədə mövcud olan əlverişli investisiya və biznes mühiti iqtisadi əməkdaşlığımızın genişlənməsinə töhfə verib, qarşılıqlı investisiyalara şərait yaradıb”.

“Dünyada baş verən son iqtisadi böhran səbəbilə bir çox ölkə iqtisadiyyatının çətin vəziyyətə düşərək geriləməyə məruz qaldığı bir dövrdə, böhrandan minimum zərərlə çıxaraq iqtisadi inkişafını davam etdirməsi,Türkiyənin güclü maliyyə sabitliyinə malik olduğunu göstərir”, - deyə iqtisadiyyat naziri bildirib.

Ş.Mustafayev qeyd edib ki, iqtisadi inkişaf sayəsində ötən müddət ərzində Türkiyədə nəqliyyat, energetika və digər sahələrdə bir çox böyük layihələr həyata keçirilib. Nazirin sözlərinə görə, sözügedən layihələrin bəzilərinin yaxın gələcəkdə yekunlaşacağı planlaşdırılır.

“Türkiyə iqtisadiyyatının mövcud vəziyyəti yaşanan son hadisələrin mənfi təsirlərinə qarşı qətiyyət göstərəcək. Hökumət nəzərdə tutulan iqtisadi məqsədlərinə çatacaq. Əminik ki, qardaş Türkiyə ötən dövrdə olduğu kimi, bundan sonra da investorlar üçün cazibədar bir ölkə olaraq qalacaq”, - deyə Ş.Mustafayev vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi