Sabunçuda 19 sahibkarlıq subyektinə 9,8 mln. manat güzəştli kredit verilib

Sabunçuda 19 sahibkarlıq subyektinə 9,8 mln. manat güzəştli kredit verilib Forum çərçivəsində Maştağa qəsəbəsində güzəştli krediti ayrılan konserv məhsulları istehsalı müəssisəsinə baxış keçirilib
Biznes
30 Aprel , 2015 20:24
Sabunçuda 19 sahibkarlıq subyektinə 9,8 mln. manat güzəştli kredit verilib

Bakı. 30 aprel. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunun Bakıxanov qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

“Report” nazirliyin məlumatına əsasən xəbər verir ki, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Sabunçuda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

100-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, ət kəsimi müəssisəsinin, kiçik həcmli istixana təsərrüfatlarının, makaron, dondurma və şirniyyat məhsulları istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində ölkə üzrə 1819 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 66 mln. manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 4100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1033 investisiya layihəsinin maliyyələşdirilməsinə 229,4 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, metal konstruksiya istehsalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 7000-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 19 sahibkarlıq subyektinə 9,8 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, istixana təsərrüfatı, damazlıq quşçuluq, un və şirniyyat, mebel, ayaqqabı, suvenir, PVC tərkibli yarımfabrikat istehsalı kimi sahələrə yönəldiləcək. Bu layihələrin reallaşdırılması 300-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır.

Son illər dövlətin güzəştli kreditləri hesabına illik istehsal gücü 58.3 min ton quş əti və 296 milyon ədəd yumurta olan 42 quşçuluq təsərrüfatına 115,6 milyon manat güzəştli kredit verilib. Artıq illik istehsal gücü 37,9 min ton quş əti və 223,9 mln. ədəd yumurta olan 32 quşçuluq təsərrüfatı istifadəyə verilib. Bunun nəticəsində ölkədə sənaye üsulu ilə quş ətinin illik istehsal gücü 100 min tonu ötüb, özünü təminetmə səviyyəsi yüksəlib.

Forum çərçivəsində Sabunçu rayonunun Maştağa qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış konserv məhsulları istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilib.

Son xəbərlər

Orphus sistemi