Yuxarı

​Sabah Cenevrədə İsveçrə-Azərbaycan biznes konfransı keçiriləcək

Konfrans “İsveçrə şirkətləri üçün Azərbaycanın qeyri-neft sektorunda imkanlar” mövzusuna həsr olunub

Bakı. 12 noyabr. REPORT.AZ/ Noyabrın 13-də Cenevrə şəhərində (İsveçrə) İsveçrə-MDB Müştərək Ticarət Palatasının təşkilatçılığı, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycanın İsveçrədəki səfirliyinin tərəfdaşlığı ilə “İsveçrə şirkətləri üçün Azərbaycanın qeyri-neft sektorunda imkanlar” adlı biznes konfransı keçiriləcək.

"Report"un Azərbaycanın İsveçrədəki səfirliyinə istinadən verdiyi xəbərə görə, analoji tədbir ötən gün Sürix şəhərində təşkil edilib. Konfransı giriş sözü ilə açan Azərbaycanın İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı Azərbaycanı siyasi və iqtisadi sabitlik baxımından gənc müstəqil dövlətlər sırasında xüsusi çəkisi ilə seçilən və sürətlə inkişaf edən ölkə olaraq xarakterizə edib. Səfir vurğulayıb ki, Cənubi Qafqazın ÜDM-nin 75%-i Azərbaycanın payına düşür.

Azərbaycanın dünyada əsasən özünün zəngin karbohidrogen resurslarına görə tanındığını qeyd edən Ə.Zeynallı ölkə iqtisadiyyatının diversifikasiyası nəticəsində qeyri-neft sektorunun da bu gün İsveçrə şirkətləri də daxil olmaqla xarici investorlar üçün xeyli cəlbedici olduğunu diqqətə çatdırıb. Hazırda 80-dən çox İsveçrə şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayan səfir bu rəqəmin gələcəkdə artacağına əminliyini ifadə edib, İsveçrə şirkətlərini Azərbaycanla daha yaxından əməkdaşlığa dəvət edib.

İsveçrənin “Holcim Group Services” şirkətinin Avropa üzrə nümayəndəsi Hora Adrian, “Bühler AG” şirkətinin Cənubi Qafqaz üzrə nümayəndəsi Şərif Nizam Mafi, “ABB AG” şirkətinin Şərqi Avropa üzrə nümayəndəsi İqor Almazov isə çıxışlarında Azərbaycandakı fəaliyyətlərinə dair məlumat verib, xarici investorlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirib və bu sahədə öz müsbət təcrübələrini bölüşüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi