​Rusiya Ukraynadan Azərbaycana gətirilən məhsulu geri qaytarıb

​Rusiya Ukraynadan Azərbaycana gətirilən məhsulu geri qaytarıb Saxlanılan 60 ton süd məhsulu Azərbaycana Gürcüstan ərazisi ilə gətiriləcək
Biznes
10 Fevral , 2015 16:15

Bakı. 10 fevral. REPORT.AZ/ Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət İdarəsi ölkə ərazisi ilə Ukrayna istehsalı olan 60 ton süd məhsulunun (qatılaşdırılmış süd) Azərbaycana gətirilməsinin qarşısını alıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İdarənin Rusiyanın Bryansk və Smolensk vilayətlərindəki bölmələri məlumat yayıb.

Qeyd edək ki, Ukraynanın "Kupyansk Süd Konserv Kombinatı" Aqrar-İstehsalat Birliyinin həmin məhsulları Bryansk-Lqovsk dəmiryolu buraxılış məntəqəsinə bir gün əvvəl gətirilib.

"Ümumi çəkisi 59 701 kq olan yük Azərbaycanın "KOMRAD" ASC-nin ünvanına göndərilirdi və Ukrayna Dövlət Baytarlıq Xidmətinin baytarlıq şəhadətnaməsi ilə müşayiət olunurdu", - məlumatda bildirilir.

Xəbərə görə, Rusiya tərəfi baytar nəzarəti keçirən zaman müəyyən edilib ki, məhsulun aparılması üçün Azərbaycan baytarlıq qurumunun müvafiq icazəsi yoxdur. Bundan sonra Rusiya Kənd Təsərrüfatı Məhsullarına Nəzarət İdarəsi qatılaşdırılmış südün Ukraynaya qaytarılması ilə bağlı qərar qəbul edib.

Azərbaycan Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli məsələ ilə bağlı "Report"a bildirib ki, 60 ton süd məhsulunun Azərbaycana daxil olması üçün idxalçı tərəfindən zəruri icazə alınıb. Onun sözlərinə görə, məhsul Ukrayna ilə Rusiya arasındakı münasibətlərin pozulması səbəbindən geri qaytarılıb: "Buna baxmayaraq, həmin süd məhsulu Gürcüstan ərazisi ilə Azərbaycana gətiriləcək".

Son xəbərlər

Orphus sistemi