​"Report" Bakıdakı marketlərdə qiymət müşahidəsi aparıb - REPORTAJ

​"Report" Bakıdakı marketlərdə qiymət müşahidəsi aparıb - REPORTAJ Bir sıra marketlərdə çəkiliş və müşahidələrə icazə verilməyib
Biznes
19 Mart , 2015 14:47
​Report Bakıdakı marketlərdə qiymət müşahidəsi aparıb - REPORTAJ

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycanda dolların bahalaşmasından sonra ərzaq məhsullarının qiymətlərində artım müşahidə edilir. Mətbuat orqanlarında bəzi sahibkarlar və işbazların dolların bahalaşmasını bəhanə edərək qiymətləri qaldırdığı barədə yazılar dərc olunur. "Report"un əməkdaşları manatın devalvasiyasından sonra Bakıda yerləşən bəzi marketlərdə müşahidələr aparıb. Paytaxtdakı bir sıra marketlərdə çəkiliş aparmağa icazə verilməyib və marketlərdəki ərzaq qiymətlərinin eyni olmadığı nəzərə çarpır. Bəzi hallarda isə rəflərdə düzülən malların üstündə qiymətlər göstərilməyib.

"Report" "Neptun" marketlər şəbəkəsində rəhbərliyin icazəsi ilə çəkiliş apara bilib. Marketdən heç bir qiymət artımı omadığı qeyd edilsə də, satıcıların səsləndirdiyi qiymətlərlə malın üzərindəki qiymətlər arasında fərq müşahidə olunub. Belə ki, satıcıya yaxınlaşan əməkdaşımıza yumurtanın 1 ədədinin qiymətinin 11 qəpik olduğu bildirsə də, rəfdə bu qiymətin 8 qəpik olduğu göstərilib. Satıcının bunu izah edə bilmədiyini görən marketin inzibatçısı dərhal məsələyə müdaxilə edib: "Satıcı səhv bilir, bizdə 1 ədəd yumurtanın qiyməti elə 8 qəpikdir".

Son zamanlar sosial şəbəkələrdə "Rahat" marketlər şəbəkəsində də ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artım olmadığı haqqında da xəbərlər yayılır. Bunu dəqiqləşdirmək üçün "Report"un əməkdaşları paytaxtın Nərimanov rayonunda yerləşən "Rahat" marketə üz tutub. Mağazada müşahidə və çəkilişin aparılmasına etiraz etməyən rəhbərlik manatın devalvasiyasına baxmayaraq, hazırda bütün şəbəkə üzrə qiymətlərin sabit, əvvəlki səviyyədə saxlanıldığını qeyd edib. 

"Bir sıra məhsullar bizdə, ümumiyyətlə, əvvəldən digər şəbəkələrə nisbətən daha ucuz olub. Düzdür, devalvasiyadan sonra bəzi topdansatış şirkətləri qiymətləri qaldırıb. Nəticədə onların bir qismi ilə əməkdaşlığı dayandırmışıq və həmin mallar satışa qəbul olunmur. Əhalinin maraqlarını nəzərə alaraq qiymətləri maksimum sabit saxlamağa çalışırıq", - marketdən bildirilib.

Daha sonra "Report"un əməkdaşları Səməd Vurğun küçəsi-34 ("AF Mall" biznes mərkəzinin I mərtəbəsi) ünvanında yerləşən "Fresco" marketdə müşahidələrini davam etdirib. "Bizdə qiymət artımı yoxdur" - deyən market rəsmiləri çəkilişin aparılmasına icazə verməyib və müxtəlif bəhanələrlə əməkdaşlarımızı marketdən uzaqlaşdırıb.

"Report"un əməkdaşları analoji vəziyyətlə Yusif Səfərov küçəsində yerləşən "Dadlı", "Xətai" metrosu yaxınlığındakı "Metro" və "Makro" marketlərdə də rastlaşıb, çəkiliş və qiymət müşahidələrinin aparılmasına icazə verilməyib.

Son xəbərlər

Orphus sistemi