Yuxarı

​Regionlarda vergi ödəyiciləri ilə görüşlər keçirilib

Görüşlərdə vergi ödəyicilərinin çıxışları dinlənilib

Bakı. 12 avqust. REPORT.AZ/ Avqustun 10-12-də Hacıqabul, Lənkəran, Gəncə, Şəmkir, Quba və Sumqayıt şəhərlərində “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Prezident sərəncamı və bu sərəncamla Vergilər Nazirliyinin qarşısında duran vəzifələrlə bağlı vergi ödəyiciləri ilə görüşlər keçirilib. 

Bu barədə “Report”a Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.

Görüşlərdə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov vergi orqanları tərəfindən ötən dövr ərzində aparılan islahatlar, reallaşdırılmış kompleks tədbirlər və konkret hədəflərə yönəlmiş proqramlar barədə məlumat verib. O bildirib ki, görülən işlər nəticəsində ölkədə müasir beynəlxalq standartlara cavab verən vergi xidməti, səmərəli vergi siyasətinin həyata keçirilməsi üçün vahid qanunvericilik bazası yaradılıb, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində qabaqcıl ölkələrin vergi administrasiyaları ilə əməkdaşlıq genişləndirilib.

“Son 10 il ərzində vergi orqanları tərəfindən sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması məqsədilə vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Görülən işlər nəticəsində 2016-cı ilin ilk yarısında dövlət büdcəsinə vergi daxilolmalarının ümumi məbləği 3 190,1 mln. manat, o cümlədən qeyri-neft sektoru üzrə 2 495,4 mln. manat (78,2%) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorundan daxilolmaların 9,7% artımı deməkdir”, - deyə Ə.Məmmədov vurğulayıb.

“2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamla əlaqədar görüləcək işlərdən bəhs edən Ə.Məmmədov əlavə edib ki, islahatların əsas hədəfləri kiçik və orta sahibkarlığın stimullaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının sadələşdirilməsi, vergi sahəsində şəffaflığın təmin edilməsi və qabaqcıl beynəlxalq təcrübənin tətbiqidir. Müşavir qeyd edib ki, sadalanan hədəflərə çatmaq üçün başlıca şərtlər vergi yükünün azaldılması, vergi dərəcələrinin optimallaşdırılması, vergi inzibatçılığının sadələşdirilməsi, iqtisadiyyatın prioritet sahələrinin təşviqi, nağdsız əməliyyatların stimullaşdırılması, vergi sahəsində beynəlxalq mütərəqqi təcrübənin tətbiqi, o cümlədən, ictimai məlumatlandırma, könüllü vergi açıqlaması, vergi öhdəliklərinin qabaqcadan razılaşdırılması, vahid hesabat standartlarının işə salınmasından ibarətdir. Bütün bunlar vergi nəzarəti sistemində şəffaflığın təmin olunması, vergi ödəyicilərinə göstərilən xidmətlərin çeşidinin artması, vergi sahəsində risklərin qiymətləndirmə sisteminin formalaşması, vergitutma bazasının genişlənməsi, beynəlxalq standartlara cavab verən vergi sisteminin yaradılması kimi nəticələr əldə etməyə imkan verəcək.

Görüşlərdə vergi ödəyicilərinin çıxışları dinlənilib, vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərlə bağlı sualları cavablandırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi