Yuxarı

Quba-Xaçmaz regionunda qadınların mikrosahibkarlıq fəaliyyətinə dəstək verilir

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən təsis edilmiş “Finance and Social İnnovation Consulting” MMC (FSİC) tərəfindən həyata keçirilən, İsveçrə Əməkdaşlıq Ofisi (SCO) tərəfindən maliyyələşdirilən və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) “Quba-Xaçmaz regionunda davamlı qadın mikrosahibkarlığının inkişafını stimullaşdırmaq” adlı layihəsinin yekununa həsr olunmuş seminar keçirilib.

“Report” xəbər verir ki, layihənin əsas məqsədi İqtisadiyyat Nazirliyi nəzdində fəaliyyət göstərən və Xaçmaz rayonunda yerləşən Qadın biznes inkubatorunun imkanlarından istifadə edərək regionda qadınlar arasında özünəməşğulluğu stimullaşdırmaq və AQSİA-nın institutsional inkişafını dəstəkləmək olub.

Layihə çərçivəsində maraqlı biznes planları qiymətləndirilərək seçilmiş 12 qadına FSİC tərəfindən korporativ-sosial məsuliyyət təşəbbüsləri çərçivəsində lazımi avadanlıq və xammal alınmasına köməklik edilib. Layihədə iştirak edən qadınların başladıqları bizneslərinin dayanıqlılığını təmin etmək, bilik və bacarıqlarını daha artırmaq üçün onların AQSİA-ya üzvlüyü tövsiyə olunub.

Tədbirdə digər regionlardan olan qadınların bir-biri ilə əlaqələndirilməsi, müəyyən peşələrə dəstəyin verilməsi əsas vəzifə kimi vurğulanıb. Bu, regionda olan qadınların bizneslərinin dəyər zənciri yaradılaraq inkişafına imkan verəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi